Ağdamın bərpası yalnız humanitar deyil, siyasi və iqtisadi mesajdır- ÖZƏL

"Prezident İlham Əliyevin Ağdamda səsləndirdiyi fikirlər postmünaqişə dövrünün siyasi çərçivəsini sistemli şəkildə ortaya qoyur. Çıxışın əsas mesajı ondan ibarətdir ki, münaqişə mövzusu bağlanıb və Azərbaycan artıq suverenlik məsələsində müzakirə predmeti deyil, hüquqi və faktiki nəticə mərhələsinə keçib.  Ağdamın sürətlə bərpası təkcə sosial-humanitar layihə deyil, regional siyasi sabitliyin institusional dayağıdır". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib: 

" Şəhərin sənaye və logistika mərkəzinə çevrilməsi Qarabağın iqtisadi inteqrasiyasını sürətləndirir, dövlətin bölgəyə uzunmüddətli nəzarətini möhkəmləndirir və "geridönüş" prosesini dönməz edir. Bu, eyni zamanda regional aktorlara açıq mesajdır: Azərbaycan reallığı yalnız hərbi yox, iqtisadi və inzibati mexanizmlərlə də möhkəmləndirir.
Minsk qrupunun açıq şəkildə iflasa uğramış mexanizm kimi təqdim olunması beynəlxalq vasitəçiliyin bu formatda faktiki olaraq bağlandığını göstərir. Bu, vasitəçilik institutlarının ümumən rolunun bitməsi deyil, lakin Cənubi Qafqazda köhnə mandatlara əsaslanan mexanizmlərin legitimliyinin itirilməsi deməkdir. Yeni mərhələdə proseslər ikitərəfli formatlar və regional təşəbbüslər üzərindən formalaşır.
Ermənistanın yeni reallıqla barışmağa məcbur qalması revanşizm risklərini azaltsa da, onları tam aradan qaldırmır. Bu risklər hərbi müstəvidən daha çox siyasi ritorika, diaspor təsiri və daxili populizm formasında davam edə bilər. Məhz buna görə də  Azərbaycanın quruculuq, hüquqi və diplomatik xətti paralel aparması strateji zərurət kimi çıxış edir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31