Rusiya prosesdən kənarda qalmamağa çalışır: “Mən Cənubi Qafqazdayam” mesajı – ÖZƏL
14:45 SiyasətSon 30 ildə ilk dəfə olaraq Rusiya və Qazaxıstan buğdasını daşıyan qatarlar Azərbaycan ərazisindən tranzitlə Ermənistana çatdırılıb. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu hadisəni regionda real və dərin dəyişikliklərin başlanğıcı kimi qiymətləndirərək, hazırda digər yüklərin, o cümlədən neft məhsullarının daşınmasının müzakirə edildiyini bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan da bu tarixi hadisəni təsdiqləyərək, Naxçıvan, Türkiyə və Azərbaycanın əsas hissəsi ilə birləşən köhnə dəmir yolu xətlərinin (Arazdəyən, İcevan, Axurik) bərpası üçün hazırlıq mərhələsinə keçildiyini elan edib.
Proseslərdəki ən mühüm məqam isə Azərbaycan və Ermənistanın üçüncü tərəfin moderatorluğu olmadan, birbaşa ikitərəfli formatda əməkdaşlıq etməsidir. Paralel olaraq, 2026-cı ilin fevralında ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin Ermənistana səfəri və Zəngəzur dəhlizi (TRIPP layihəsi) çərçivəsində Meğridə təməlqoyma mərasimində iştirakı gözlənilir. Bu dinamika Prezident İlham Əliyevin təqdim etdiyi yol xəritəsinə uyğun olaraq, regionun nəqliyyat blokadasından tam çıxdığını göstərir.
Rusiyanın əsas məqsədi nədir? Tərəflər arasında Zəngəzur dəhlizi ilə bağlı hər hansı anlaşma olması real ehtimaldır? Overçukun açıqlaması ilə Rusiya hansı mesaji vermək istəyir?
"Rusiyanın əsas məqsədi ondan ibarətdir ki, Moskva demək istəyir: mən Cənubi Qafqazdayam, buradayam. Rusiya demək istəyir ki, regionun problemlərinin həllində mənim iştirakım əvəzsizdir. Hətta bir çox yükdaşımaları da üçtərəfli razılaşma ilə əlaqələndirir və həmin razılaşma çərçivəsində mümkün olduğunu qeyd edir".
_(1).jpg)
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu üçtərəfli razılaşmadan sonra ABŞ-də imzalanan Azərbaycan, Ermənistan və ABŞ arasında da üçtərəfli razılaşma var. Yəni buradan anlaşılan odur ki, Rusiya öz rolunu, xidmətlərini ümumiyyətlə qabartmağa çalışır və bir formada regionda qalmaqda maraqlı olduğunu bu cür ifadə edir.
"Rusiya-Amerika münasibətlərində həm anlaşılan, yumşalan, həm də rəqabət məqamları var. Zəngəzur dəhlizi məsələsi də əslində bu cürdür. Düzdür, Rusiya Amerika ilə burada sərt formada üz-üzə gəlmək istəmir, amma bir formada onun iştirakı olmadan bu yolun açılmayacağına da fürsət düşdükcə işarələr edir. Hətta İranın belə uzun fasilədən sonra etiraz etməsini sanki motivasiya edir və s. Yəni onlar bu yolun açılmasını əngəlləyə bilməyəcəklərinin fərqindədirlər, amma mümkün olarsa, orada iştirakçı olmaq, payçı olmaq iddialarını da gizlətmirlər. Amma bütün hallarda düşünürəm ki, Zəngəzurla bağlı məsələ, yəni ən azı indiki mərhələdə, öz həll yolunu tapıb," - deyə siyasi şərhçi əlavə edib.
Ekspert qeyd edib ki, artıq ABŞ ilə Ermənistan arasında olan razılaşma, xüsusilə avqust razılaşması və layihənin rəsmi olaraq elan olunması o deməkdir ki, Rusiya bu layihədə yoxdur. Amma Rusiya buna baxmayaraq müxtəlif yollar axtarır. Rusiyanın sərhəd qoşunlarının oradakı mövcudluğunu əsas gətirir, Ermənistan ərazisindəki dəmir yollarının Rusiyanın mülkiyyəti olması məsələsini gündəmə gətirir və s. Yəni müxtəlif formada sanki bu layihə ətrafında Rusiya var-gəl edir, dolanır və prosesdən kənarda qalmamağa çalışır. Əslində isə bütün bunların arxasında gizlənən ən vacib məqam ondan ibarətdir ki, Rusiya Cənubi Qafqazdan imtina etmək fikrində deyil. Geosiyasi baxımdan bu bölgəyə hələ də öz təsir dairəsi kimi baxır və bu iddialarını da məhz bu formada ortaya qoyur.
Lamiyə Cəbrayılova