Paşinyanın "son qala" təzyiqi: kilsə ilə gərginlik seçkiyə təsir edə bilər- ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 28-də Erməni Apostol Kilsəsi ilə bağlı məsələyə "son nöqtə qoymaq" niyyətindədir. O, güc strukturlarına tapşırıq verib və plan çərçivəsində kilsədən uzaqlaşdırılmış din xadimləri və bir qrup yepiskop vasitəsilə katolikos II Qareginin patriarx iqamətgahını tərk etməsini təmin etməyi nəzərdə tutur. Müxtəlif ssenarilər müzakirə olunur, hətta onun həbs olunması da istisna deyil. Bu hadisələr kilsə-dövlət münasibətlərində gərginliyin artacağından xəbər verir.
Paşinyanın kilsə ilə bağlı addımları Ermənistanın daxili siyasi stabilliyinə necə təsir edə bilər? Bu Ermənistandaki seçki prosesinə təsir göstərə bilərmi?

Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
"Paşinyanın bu addımı Ermənistan daxilində onsuz da sabitlik olmayan bir vaxtda atılır. Siyasi sabitlik yoxdur, cəmiyyət gərgindir, hakimiyyət-müxalifət arasında münasibətlər gərgindir, hakimiyyətlə cəmiyyət arasında münasibətlər gərgindir, hakimiyyətlə kilsə arasında münasibətlər gərgindir. Paşinyanın belə bir addım atması, artıq konkret olaraq katalikosu tamamilə oradan çıxartmağa çalışması, istefasına nail olmağa çalışması, başqa bir şəxsi, öz nəzarətindəki bir şəxsi oraya təyin etdirməyə çalışması bu gərginliyi son həddə qaldıra bilər və mən düşünürəm ki, qaldıracaq da. Çünki katalikos da sıradan bir şəxs deyil, Erməni cəmiyyətində kifayət qədər təsir imkanları olan bir qrupun, bir dini qrupun rəhbəridir. Bu mənada  düşünürəm ki, Paşinyan çox riskli addıma getməkdədir. Amma başqa bir məsələ də budur ki, Paşinyanın bu addıma getməmək kimi bir şansının da olmadığı görünür.
Çünki qarşıdan seçki gəlir və 2026-cı il Paşinyan, Ermənistandakı siyasi qüvvələr üçün çox önəmli bir prosesdir. Bu prosesi qazanan tərəf Ermənistanda uzun müddət hakimi- mütləq olacaq. Bu mənada Paşinyan bu addıma getməlidir. Əgər o, seçkiyə qədər  kilsənin rəhbərinin istefasına nail olmasa onun seçkidə uğur qazanmaq şansları çox zəif görünür.
Kilsə məsələsi artıq Paşinyan üçün Ermənistanda sonuncu fəth olunmalı olan "qaladır".  Paşinyan bu qalanı da fəth edərsə, onun Ermənistanda siyasi hakimiyyətinə və gələcək üstünlüyünə çox böyük təsir edəcək amil olacaq. Ona görə  düşünürəm ki, bizi qarşıdakı günlərdə, həftələrdə və aylarda çox maraqlı proseslər və Ermənistanla bağlı məqamlar gözləyir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31