Azərbaycan Cənubi Qafqazın əsas iradə mərkəzidir: "Prezidentin hər bir mesajı reallığa çevrilir" – ÖZƏL
14:09 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin son mesajları olduqca böyük əhəmiyyət daşıyır. Çünki Prezident İlham Əliyev təkcə baş vermiş hadisələr haqqında deyil, eyni zamanda gələcək prosesləri də dəqiq proqnozlaşdırmağı bacarır".
_(1).jpg)
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, indiyədək Prezident tərəfindən hansısa məsələ və ya Azərbaycanın strateji hədəfləri ilə bağlı verilən açıqlamalar və ünvanlanan mesajlar sonrakı mərhələdə tam şəkildə özünü doğruldub və Azərbaycan həmin strateji məqsədlərə mütləq şəkildə nail olub. Bu dəfə də Prezident İlham Əliyev olduqca önəmli mesajlar verdi və böyük ehtimalla Azərbaycanın yaxın gələcək üçün strateji hədəfləri artıq yeni məzmun almağa başlayıb. Azərbaycan iqtisadi və ticarət sahəsində inkişaf potensialını ön plana çıxarır. Əsas problem kimi qiymətləndirilən Qarabağ məsələsi artıq qapanıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra dövlət öz geosiyasi, geostrateji və iqtisadi hədəflərini yeni mərhələyə keçirib. Bu kontekstdə demək olar ki, rəsmi Bakı hazırda Cənubi Qafqazda faktiki olaraq şərtsiz geosiyasi iradəyə malikdir və regionda baş verən prosesləri həm geosiyasi, həm geoekonomik, həm də geostrateji istiqamətdə tənzimləyən əsas aktora çevrilib. Azərbaycan bu proseslərin region ölkələrinin maraqları çərçivəsində inkişaf etməsinə şərait yaradır.
"Minsk Qrupunun ləğvi də faktiki olaraq onu göstərir ki, Cənubi Qafqazın problemləri və regional məsələlər yalnız Qafqaz dövlətlərinin öz aralarında həll oluna bilər. Kənar vasitəçilik indiyədək heç bir real nəticə verməyib. Azərbaycan dövləti Minsk Qrupunun vasitəçiliyini bloklamaqla və son nəticədə bu qurumun tam ləğvinə nail olmaqla bütün dünyaya açıq mesaj verdi ki, artıq beynəlxalq vasitəçilərə ehtiyac yoxdur və Cənubi Qafqaz region dövlətləri arasında birbaşa dialoq əsasında, kənar müdaxilələr olmadan uğurla inkişaf edə bilər. Təbii ki, bu mövqeylə razılaşmaq istəməyən bəzi xarici qüvvələr də mövcuddur. Xüsusilə Cənubi Qafqazda sabitliyi pozmaq və öz geosiyasi maraqlarını təmin etmək istəyən bəzi dövlətlər Azərbaycanla Ermənistan arasında münasibətlərin yenidən gərginləşdirilməsinə çalışırlar. Lakin hələlik bu istiqamətdə ciddi nəticələr əldə edə bilməyiblər və böyük ehtimalla bundan sonra da bu cəhdlər həmin destruktiv xarici qüvvələr üçün uğursuz olacaq," - deyə ekspert vurğulayıb.
E. Xalidbəyli qeyd edib ki, Azərbaycan erməni revanşizminin yenidən Cənubi Qafqazda baş qaldırmasına imkan vermək niyyətində deyil. Artıq erməni revanşizmi, erməni terrorizmi və bu faktorun regionda destabilizasiyaedici rolu başa çatıb. Bu amil bundan sonra Cənubi Qafqazda xalqların və dövlətlərin normal inkişafına mane ola bilməyəcək. Çünki bu faktorun qarşısında güclü, suveren və qətiyyətli Azərbaycan dövləti dayanır.
Lamiyə Cəbrayılova