Ermənistandakı siyasi vəziyyət və tranzit layihələri: Qafqazın gələcəyi necə formalaşır?- ÖZƏL
14:04 SiyasətSon 30 ildə ilk dəfə olaraq Rusiya və Qazaxıstan buğdasını daşıyan qatarlar Azərbaycan vasitəsilə Ermənistana çatdırılıb. Bu, regionda böyük dəyişikliklərin başlanğıcı hesab olunur. Həm Azərbaycan, həm də Ermənistan üçüncü tərəf olmadan birbaşa əməkdaşlıq edir, köhnə dəmir yollarının bərpası planlaşdırılır və Zəngəzur dəhlizi layihəsi irəliləyir.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan və ABŞ arasında əldə olunmuş razılaşma əlbəttə ki, Rusiyanı məmnun etməsə də, hesab edirəm ki, Rusiya tərəfi çox yaxşı bilir ki, ABŞ-la anlaşmaya qarşı çıxmaq onun üçün çox da məqsədəuyğun deyil.
Çünki hazırda tərəflər Ukrayna məsələsi ilə bağlı dialoq içərisindədirlər və ABŞ Rusiyanın Ukraynadakı bir çox maraqlarını nəzərə alır. Bunun qarşılığında isə Rusiyanın da ABŞ-ın bir çox maraqlarını qəbul etmək məcburiyyətində olduğunu düşünmək olar.
Nəzərə alsaq ki, Ermənistan tərəfi Rusiya ilə bir neçə istiqamətdə, o cümlədən Türkiyə və Azərbaycanla kommunikasiyaların açılması və dəmir yollarının bərpasını təklif edib, bu təkliflər üç istiqamətdədir. Zəngəzur dəhlizi nəzərə alınmır. Çünki Zəngəzur dəhlizi ABŞ və Ermənistan arasında öz həllini tapacaq. Nəzərə alaq ki, ABŞ vitse-prezidentinin də Ermənistana fevralda səfər edəcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Bu baxımdan hesab edirəm ki, Rusiya tərəfi ABŞ-ın bu məsələdə müəyyən anlaşmasını qəbul edə bilər. Yəni Ukraynada Rusiyanın maraqları təmin olunur və Güney Qafqazda, Zəngəzurda da ABŞ-ın bu prosesdə iştirakına maneçilik edilmir. Bu baxımdan Rusiya Ermənistanla bu məsələləri müzakirə edir və açıqlamalar da bu yöndədir. Buna görə hesab edirəm ki, bölgədə kifayət qədər ciddi proseslər başlana bilər. Nəzərə alaq ki, Ermənistanda da ciddi siyasi mübarizənin olduğunu görürük. Bundan başqa, seçkilərlə bağlı tərəflər həm qərb, həm də Rusiya özünə yaxın qüvvələrin hakimiyyətdə təmsil olunmasını istəyir. Bu baxımdan gələn il Ermənistanla bağlı kifayət qədər ciddi prosesləri müşahidə edəcəyik. O cümlədən Ermənistandakı məsələlər də Güney Qafqazdakı proseslərə əhəmiyyətli dərəcədə təsir edəcəkdir".
Zeynəb Mustafazadə