Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: Yeni ideyalar və gələcək perspektivlər - ÖZƏL

"Dünya azərbaycanlılarının həmrəyliyi müasir beynəlxalq münasibətlər sistemində artıq özünü göstərən mühüm bir təmayülə çevrilib. Bu gün dünyada ən azı diplomatik dairələrdə və müəyyən ictimai-siyasi çevrələrdə belə bir günün - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün və bu qədər geniş diaspor potensialına malik bir xalqın mövcud olduğu yaxşı bilinir."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Qlobal miqyasda beynəlxalq münasibətlər, geosiyasi konfiqurasiyalar və güc balansları ciddi şəkildə dəyişməkdədir. Münaqişələr yaranır, dərinləşir və onların həlli ilə bağlı indiyədək qüvvədə olmuş ənənəvi mexanizmlər getdikcə səmərəliliyini itirir. Beynəlxalq hüquq normaları ya təhrif olunur, ya da icra mexanizmləri faktiki olaraq dəyişdirilir. Belə mürəkkəb və qeyri-sabit şəraitdə dünya azərbaycanlılarının həmrəyliyi də yeni qlobal beynəlxalq münasibətlər sistemində özünü daha aydın şəkildə göstərməyə başlayır.

Məhz bu səbəbdən dünya azərbaycanlılarının həmrəyliyinin daha təşkilatlanmış, sistemli və məqsədyönlü fəaliyyət müstəvisinə keçməsinə ciddi ehtiyac yaranır. Çünki dünyada böyük dəyişikliklər baş verir, dövlətlərarası münasibətlər yenidən formalaşır, beynəlxalq təşkilatların özlərində belə ciddi transformasiyalar müşahidə olunur. Belə bir şəraitdə Azərbaycan dövlətinin və xalqının milli maraqları naminə diaspor fəaliyyətinin yeni reallıqlara uyğun şəkildə qurulması zərurətə çevrilir.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunana qədər - yəni Vətən müharibəsinədək - dünya azərbaycanlıları konkret və aydın hədəflər ətrafında birləşmişdi. Erməni lobbi və dairələrinə qarşı mübarizə, işğal faktının aradan qaldırılması, Azərbaycan dövlətinin haqlı mövqeyinin beynəlxalq aləmdə müdafiəsi, diplomatik və ictimai platformalarda Azərbaycanın haqq səsinin çatdırılması əsas məqsədlər idi. Bu baxımdan, bir tərəfdən Həmrəylik Günü birləşdirici ideoloji platforma rolunu oynayırdı, digər tərəfdən isə həmrəyliyi tələb edən konkret hədəflər mövcud idi.

Bu gün isə Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra Həmrəylik Günü əvvəlki kimi milli birlik rəmzi olaraq qalmaqla yanaşı, dünya azərbaycanlıları üçün yeni hədəflərin müəyyənləşdirilməsi zərurəti meydana çıxıb. Açıq demək lazımdır ki, əvvəlki mərhələdə əsas məqsəd təcavüzün aradan qaldırılması idisə, hazırkı dövrdə dünya azərbaycanlılarının fəaliyyətinin hansı strateji istiqamətlər üzrə davam etdiriləcəyi yenidən konseptual şəkildə işlənməlidir.

Bu baxımdan Azərbaycan Prezidenti tərəfindən yeni milli ideyanın formalaşdırılmasının vacibliyinin vurğulanması olduqca mühüm əhəmiyyət daşıyır. Gözlənilir ki, yaxın perspektivdə "azərbaycançılıq" platforması üzərində formalaşacaq yeni milli ideya dünya azərbaycanlılarının fəaliyyətini keyfiyyətcə yeni mərhələyə çıxara, onları konkret və aktual hədəflər ətrafında daha fəal şəkildə səfərbər edə bilər.

Fikrimcə, belə bir ideyanın formalaşması dünya azərbaycanlılarının həmrəyliyini sadəcə simvolik deyil, həm də real siyasi, ictimai və strateji gücə çevirə biləcək əsas amillərdən biri olacaq."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31