Amnistiya hökmün yenidən baxılması demək deyil
12:54 Siyasət"Amnistiya zamanı cəzanın qismən azaldılması hökmün yenidən baxılması demək deyil. Burada söhbət mövcud məhkəmə hökmü saxlanılmaqla, cəzanın yalnız müəyyən hissəsinin amnistiya aktına uyğun şəkildə azaldılmasından gedir". "Olaylar" xəbər verir ki, bunu Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib: "Bu proses avtomatik həyata keçirilmir. Əvvəlcə cəzaçəkmə müəssisəsi və ya probasiya orqanı tərəfindən şəxsin amnistiya şərtlərinə uyğunluğu yoxlanılır, sonra müvafiq sənədlər hazırlanaraq müvafiq qaydada Penitensiar Xidmət və İcra və Probasiya baş idarəsinə təqdim olunur. Qismən azadetmə hallarında isə bu qurumlardan sənədlər məhkəməyə göndərilir.
Məhkəmə bu mərhələdə cinayət işinə yenidən baxmır, şəxsin təqsiri və ya hökmün əsaslılığı müzakirə olunmur. Yalnız amnistiya aktının tətbiqi mümkündürmü və cəza nə qədər azaldılmalıdır suallarına hüquqi cavab verilir. Qərarlar əsasən sənədlər əsasında, sadələşdirilmiş qaydada qəbul olunur.
Nəticə etibarilə, qismən amnistiya nə kütləvi, nə də mexaniki prosesdir. Hər bir şəxs üzrə ayrıca hüquqi qiymətləndirmə aparılır, cəzanın azaldılması dəqiq hesablanır və bu, uzunmüddətli məhkəmə araşdırmalarına çevrilmir. Məhkəmələr bu mərhələdə amnistiyanın qanuni və ədalətli icrasını təmin edən institut kimi çıxış edir".