Prezidentin Ağdamda verdiyi mesaj: Azərbaycanın prinsipial və qətiyyətli mövqeyinin təsdiqi - ÖZƏL
11:38 Siyasət"Prezident İlham Əliyevin Ağdam sakinləri ilə görüşdə səsləndirdiyi fikirlər həm ölkə daxilində, həm də xaricdən Azərbaycan dövlətini və onun rəhbərliyini hədəfə alan qüvvələr üçün olduqca aydın və güclü bir mesajdır."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Dövlət başçısı bir daha nümayiş etdirdi ki, ən çətin və mürəkkəb dövrlərdə belə öz qətiyyətli mövqeyindən geri çəkilməyib və bu gün də Azərbaycanın milli dövlət maraqlarından bir addım belə kənara çıxmaq niyyətində deyil.
Bu reallığı Azərbaycana qarşı qərəzli mövqe tutan xarici güclər də, onların ölkə daxilindəki dəstəkçiləri də nəzərə almalıdır. Prezidentin Ağdamda verdiyi mesaj açıqdır: Azərbaycan dövləti və onun rəhbəri hər hansı təzyiq və təhdid qarşısında geri çəkilən deyil.
Bu gün Azərbaycan ərazi baxımından böyük olmasa da, beynəlxalq müstəvidə sözünü deyə bilən, mövqeyi ilə hesablaşılan dövlətlərdən birinə çevrilib. Bu nailiyyətin əsas səbəbi Prezident İlham Əliyevin prinsipial, ardıcıl və qətiyyətli siyasətidir. O, Azərbaycanın üzərinə gələn hər kəsə layiqli cavab verməyi bacarıb və Ağdam sakinləri ilə görüşdə səsləndirilən fikirlər də bu mövqenin dəyişməz olduğunu bir daha təsdiqlədi.
Verilən mesaj birmənalıdır: kimsə Azərbaycanın üzərinə gəlməyi düşünürsə, bunun nəticələrini də hesablamaq məcburiyyətindədir."
İbrahim Məmmədli