Qarabağdan verilən daha bir mesaj - Bizim iradəmizin qarşısında heç kim dura bilməz !
11:24 SiyasətPrezident: "Ayıq olmalıyıq, daim güclü olmalıyıq"
22 il əvvvəl Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini davam etdirərək dövlətimizi strateji hədəflərə doğru uğurla aparmaqdadır. Prezident İlham Əliyev həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri ilə hər kəsin rəğbətini və hörmətini qazanaraq həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Dövlət başçısı keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradıb, hər zaman güclü və müstəqil Azərbaycan naminə çalışıb. Milli-mənəvi dəyərlərə bağlılıq, müstəqillik ideyalarına sadiqlik, azərbaycançılıq məfkurəsinə ali münasibət, müstəqillik, Vətən və xalq sevgisi cənab Prezidentin lider kimi əsas keyfiyyətləridir. Məhz sadalanan keyfiyyətlər 30 il işğal altında olan torpaqlarımızın azad edilməsi üçün zəmin yaratdı. Nəhayət, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 30 ilə yaxın davam edən işğala son qoyuldu. Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, üç il sonra uğurla reallaşan antiterror əməliyyatları nəticəsində isə dövlət suverenliyimiz bərqərar edildi. Prezident İlham Əliyev Qarabağı işğaldan azad etməklə ədaləti və beynəlxalq hüququ bərpa etdi. Azərbaycanın əldə etdiyi böyük Qələbə ilə regionda erməni faşizminin başı əzildi, regionda öz maraqlarını bərpa etmək istəyən destruktiv güclərin planı alt-üst oldu. Prezident İlham Əliyev regionda və dünyada yeni reallıq yaratdı və bu reallıqla indi hamı hesablaşır.
Artıq işğaldan azad edilmiş Qarabağda sürətli tikinti-quruculuq işləri aparılır. Qarabağ fatehi Prezident İlham Əliyevin öz ad günündə Qarabağ və Şərqi Zəngəzur bölgəsinə səfər edərək tikintisi başa çatmış yaşayış, yaxud qeyri-yaşayış obyektlərinin açılışını etmək, yeni tikililərin təməlini qoymaq ənənə halını alıb. Bu dəfə də belə oldu, dekabrın 24-də dövlət başçısı Qarabağa səfər edərək görülən işlərlə şəxsən tanış olaraq, öz yurdlarına qayıdan sakinlərin yanında oldu. Azərbaycanı, o cümlədən Qarabağı azad görmək istəməyən, müstəqilliyimizə qarşı hər cür təhdid yaradan beynəlxalq güclərin səylərinin əbəs olduğunu vətəndaşlara çatdırdı. Nəzərə alaq ki, xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq dövlət başçımızın həyat fəlsəfəsidir. Dövlət başçısının Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirdiyi fikirlər də bunu bir daha təsdiq edir: "Beş il bundan əvvəl şanlı İkinci Qarabağ müharibəsi və onun nəticələri haqq-ədaləti bərpa etdi, bizim hüquqlarımızı bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, bizim milli ləyaqətimizi bərpa etdi. Xalqımız qan tökərək öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan dövləti bir qarış, bir santimetr torpaq qaytarmaq fikrində deyildi. Ermənistanın bütün rəhbərləri, müstəqillik illərində Ermənistana rəhbərlik edən bütün şəxslər bir qarış torpaq qaytarmaq fikrində deyildilər. Biz onları məcbur etdik və xalqımız bütün dünyaya öz gücünü, qüdrətini, güclü iradəsini göstərmişdir. Xalq yumruq kimi birləşdi. Silahlı Qüvvələrimiz qəhrəmanlıq, fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Cəmi 44 gün ərzində Ermənistanı böyrü üstə qoyduq. Bu günlər bu gün Xankəndidə açdığım Zəfər tağının pilləkənlərində də əks olunub. Əminəm ki, oraya da siz və bütün Azərbaycan vətəndaşları gedəcəklər, ziyarət edəcəklər. Bu gün ölkəmizdə ikinci Zəfər tağı açılmışdır - Bakıdan sonra Xankəndidə. Orada pilləkənlərin üzərində şanlı Zəfər yürüşümüzün hər günü təsbit edilib. Biz hər gün irəli gedirdik, hər gün şəhər və kəndləri azad edirdik və heç bir qüvvə bizim qabağımızda dura bilməzdi. Halbuki bizi 44 gün ərzində dəfələrlə dayandırmaq istəyənlər min cür təzyiq, təhdid və təxribat törətməyə çalışırdılar və hətta törədirdilər. Bizi qorxutmaq, bizi dayandırmaq, bizim şanlı Zəfər yürüşümüzü yarımçıq qoymaq və münaqişəni əbədi etmək - bax, bizə qarşı olan qüvvələrin məqsədi bu idi. Təbii ki, 5 il keçəndən və biz 2023-cü ildə öz suverenliyimizi antiterror əməliyyatı nəticəsində tam bərpa edəndən sonra artıq bizə qarşı olan qüvvələr yeni reallıqla barışmağa məcbur idilər, biz onları məcbur etdik. O cümlədən bizim Qələbəmizi qəbul etməyənlər, bunu həzm edə bilməyənlər, ermənipərəst qüvvələr məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular. Ermənistan dövləti bu vəziyyətlə barışmalı oldu. Vaxtilə buradan uzaqda olmayan Xankəndi şəhərinin stadionunda "Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular. Yəni öz xoşu ilə yox, məcbur edən də biz olduq - xalqımız, dövlətimiz. Yəni bu tarixi biz heç vaxt unutmamalıyıq. O acı günləri yaşayan yaşlı nəsil təbii ki, heç vaxt unutmayacaq. Gənc nəsil unutmamalıdır. Bundan sonra gələn nəsillər, gələcək nəsillər unutmamalıdır, bilməlidir. Bu tarix həm məktəblərdə, həm ali məktəblərdə, ailələrdə əzbər olmalıdır. Yəni bu, bizim şanlı Zəfərimizdir. Eyni zamanda, bundan sonra sülh içində, təhlükəsizlik içində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq".
Dövlət başçımızın işğaldan azad olunmuş ərazilərə səfəri onun bir prezident kimi xalqın yanında olmasının göstəricisi olmaqla yanaşı, həm də siyasi məna kəsb edir. Dövlət başçısı Qarabağın Azərbaycanın tarixi torpağı olmasını dünyaya bəyan edərək buna qarşı çıxan bütün siyasi gəzişmələrin mənasız olduğu mesajını ötürür. Xalqı əmin edir ki, onun Azərbaycanın müstəqillik dayaqlarının möhkəmləndirilməsi ilə bağlı fəaliyyəti ölkəmizin qazandığı uğurların əsas təminatçısıdır. Birmənalı şəkildə qeyd edilməlidir ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını öz fəaliyyətinin əsas hədəfi kimi müəyyənləşdirib: "Biz bilirik bizim dostumuz kim olub, düşmənlərimiz kim olub. Əfsuslar olsun ki, düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub. Amma bu gün bizim güclü iradəmiz, siyasi addımlarımız, Silahlı Qüvvələrimizin güclü olması artıq tamamilə yeni mənzərəni ortaya qoyur. Beş il bundan əvvəl döyüş meydanında qazandığımız Qələbəni biz 2 il bundan əvvəl antiterror əməliyyatı nəticəsində tam əldə etdik. Ondan sonra keçən 2 il ərzində bütün beynəlxalq təşkilatlarda bunu təsdiqlədik. Mənfur Minsk qrupunun tarixin arxivinə göndərilməsi də məhz bizim təkidimizlə olmuşdur. Bu ayın əvvəlində Minsk qrupu və ona bağlı olan bütün təsisatlar rəsmən ləğv edildi. Bu da bizim tələbimiz idi və Ermənistan tərəfi demək olar ki, 5 il ərzində buna müqavimət göstərirdi. Ancaq yenə də deyə bilərəm ki, bizim iradəmizin qarşısında heç kim dura bilməz. Bugünkü yeni reallıqlar dünyanın aparıcı ölkəsinin Prezidentinin iştirakı ilə avqust ayında təsdiqləndi, möhürləndi. Bizim Qələbəmizin çox böyük və güclü möhürü də vuruldu, onunla da separatçılığın, bizə qarşı ərazi iddialarının, anti-Azərbaycan qüvvələrinin bizə qarşı açıq "soyuq savaşı"nın artıq sonu gəldi, separatçılığın kitabı bağlandı və Azərbaycan xalqı artıq bir neçə aydır ki, sülh içində yaşayır".
Dünyada fateh, mahir diplomat kimi qəbul edilən President İlham Əliyev Azərbaycanın suverenliyinin qorunub saxlanması üçün xalqı ayıq olmağa çağırıb: "Mən bunu birinci dəfə deyil ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz bu gün siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz, regionun mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib. Çünki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Alim