"İlham Əliyevin idarəetmə modeli milli birliyin əsas sütunudur" – Əfsanə İbrahimova – ÖZƏL

"Prezident İlham Əliyevin rəhbərliyi dövründə formalaşan siyasi idarəetmə modeli Azərbaycanın həm daxili sabitliyinin, həm də beynəlxalq nüfuzunun möhkəmlənməsində həlledici rol oynayıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, onun liderlik üslubunun əsas xüsusiyyətlərindən biri dövlətin strateji inkişaf xəttinin ardıcıllığı və uzunmüddətli planlaşdırma ilə müşayiət olunmasıdır. Bu, ilk növbədə ölkə daxilində idarəetmənin proqnozlaşdırıla bilməsi, sosial-siyasi mühitdə balansın qorunması və müxtəlif təbəqələrin maraqlarının uzlaşdırılması ilə nəticələnib. İlham Əliyevin siyasi qərarlarında milli təhlükəsizlik prioritet kimi müəyyənləşdiyindən, cəmiyyət üçün vacib olan sabitlik amili möhkəmlənib, dövlət institutlarının fəaliyyəti vahid mərkəzdən koordinasiyalı şəkildə idarə olunub. Bu, həm sosial-iqtisadi layihələrin, həm də genişmiqyaslı infrastruktur proqramlarının vaxtında və effektiv icrasına şərait yaradıb.

Prezidentin liderlik modeli milli maraqları açıq şəkildə ifadə etməsi və bu maraqları qorumağa yönəlmiş qətiyyətli siyasi kursla da xarakterizə olunur. Xüsusilə Vətən müharibəsində ərazi bütövlüyünün bərpası bu modelin nəticəsi kimi qiymətləndirilir və cəmiyyət tərəfindən geniş dəstək alır. Bu qətiyyətli siyasi xətt ölkə daxilində həm milli birliyə, həm də dövlətçilik ideologiyasının güclənməsinə təsir göstərib.

"Beynəlxalq arenada isə İlham Əliyevin siyasəti Azərbaycanın çoxşaxəli, balanslaşdırılmış və praqmatik diplomatiya xəttinin formalaşmasına gətirib çıxarıb. Regional əməkdaşlıq platformalarının qurulması, enerji və nəqliyyat layihələrinin reallaşdırılması, Azərbaycanın həm Qərb, həm Şərq, həm də region ölkələri ilə paralel və konstruktiv münasibətlər saxlaması ölkənin geostrateji çəkisini artırıb. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanı Avrasiyada enerji təhlükəsizliyinin aparıcı iştirakçısına çevirib, bu isə ölkənin siyasi nüfuzunu daha da gücləndirib," - deyə ekspert əlavə edib.

Ekspert qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi, humanitar və multikultural təşəbbüsləri dəstəkləməsi, beynəlxalq təşkilatlarda aktiv iştirakı ölkənin həm diplomatik nüfuzunu, həm də qlobal humanitar gündəmdə rolunu artırıb. Nəticədə Azərbaycan artıq regional oyunçu deyil, qlobal səviyyədə mövqeləri güclənən və qərar proseslərinə təsir imkanları artan bir dövlət kimi tanınır.

"Beləliklə, Prezident İlham Əliyevin liderlik modeli daxili sabitliyi təmin edən, milli maraqlar üzərində qurulan və eyni zamanda ölkənin beynəlxalq nüfuzunu davamlı şəkildə yüksəldən siyasi idarəetmə sistemi kimi formalaşıb. Bu model həm regionda güc balansına təsir edir, həm də Azərbaycanın modern dövlətçilik mərhələsini müəyyənləşdirir," - deyə siyasi şərhçi sonda vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31