Pezeşkian gedir, İranda müharibə başlayır… – Regionla bağlı inanılmaz ssenari

Yaxın Şərqdə gərginlik yenidən yüksəlir. İsrail Baş naziri Benyamin Netanyahunun İrana mümkün hücumla bağlı xəbərdarlıqları fonunda İran Prezidenti Məsud Pezeşkianın devrilməsi ilə bağlı ssenarilər gündəmə gəlib. İranda dərinləşən iqtisadi böhran bu prosesləri daha da sürətləndirir.

Globalinfo.az mövzu ilə bağlı politoloq Zaur İbrahimli ilə müsahibə edib.

- İrana hücum və Məsud Pezeşkianın devrilməsi eyni anda gerçəkləşə bilərmi? Bu zaman regionu nələr gözləyir?

- Hazırda əsas diqqət İranın raket proqramına yönəlib. Netanyahu komandası məhz bu sahədə narahatlığını açıq şəkildə ifadə edir. Nüvə proqramının əvvəlki səviyyədə bərpa olunması 12 günlük müharibədən sonra həm vaxt, həm də böyük maliyyə resursları tələb edir. Yerüstü infrastrukturun demək olar ki, tam dağıdılması və yeraltı obyektlərə ciddi zərbələrin endirilməsi İranın nüvə potensialını qısa müddətdə bərpa etməsini çətinləşdirir. Bununla müqayisədə İranın raket proqramı inkişaf mərhələsindədir. 12 günlük müharibə zamanı İran müxtəlif növ orta mənzilli və nisbətən ucuz raketlərin kütləvi istifadəsi ilə İsrailin hava hücumundan müdafiə sistemlərini müəyyən qədər yarmağa nail oldu. Məhz bu səbəbdən İsrail hazırda əsas təhlükəni İranın raket potensialında görür və rəsmi açıqlamalarda bu məsələ ön plana çıxır.

- İranın raket proqramını məhdudlaşdıracağına dair gözləntilər nə qədər realdır?

-  Rəsmi Tehran bu proqramı milli təhlükəsizliyin əsas elementlərindən biri və müdafiə siyasətinin bünövrəsi hesab edir. Onilliklər ərzində bu sahəyə böyük maliyyə, texniki resurslar yönəldilib və İranın regiondakı hərbi-siyasi təsiri əsasən bu imkanlarla şərtlənir. Ona görə də raket proqramının ciddi şəkildə məhdudlaşdırılması tələbi İran üçün faktiki kapitulyasiya mənasına gəlir. Nüvə proqramı ilə bağlı müəyyən güzəştlər beynəlxalq səviyyədə müzakirə olunsa da, raket proqramı məsələsində mövqelər vahid deyil. Çin və Rusiyanın bu sahədə İrana verdiyi dəstək, eləcə də bəzi hərbi-texniki əməkdaşlıq nümunələri bunu açıq şəkildə göstərir. Bu şəraitdə İranın İsrailin tələbləri qarşısında geri çəkiləcəyi real görünmür. İstisna deyil ki, İsrail yenidən ABŞ-ı fakt qarşısında qoya və İrana qarşı hərbi zərbələr endirə bilər. Belə halda İran-İsrail qarşıdurması yenidən ABŞ-ın əsas xarici siyasət prioritetlərindən birinə çevriləcək.

Pezeşkian gedir, İranda müharibə başlayır... - Regionla bağlı inanılmaz ssenari

Zaur İbrahimli

İran rejimin devrilməsi bu dəfə mümkün olacaqmı?

- Bununla bağlı proqnozlar vermək çətindir. 12 günlük müharibə əks effekt verdi və xarici təzyiq İran cəmiyyətində daha çox konsolidasiya yaratdı. Baxmayaraq ki, ölkədə sosial-iqtisadi vəziyyət pisləşir və son illərdə davamlı etiraz aksiyaları müşahidə olunur, təhlükəsizlik strukturları hələlik effektivliyini qoruyur. Pezeşkian hakimiyyəti isə zaman keçdikcə mühafizəkar dairələr üçün daha ciddi problemə çevrilir. O, ali dini-siyasi rəhbərliyin formalaşdırdığı mövcud xarici siyasət və iqtisadi idarəetmə kursu ilə razılaşmadığını açıq şəkildə ifadə edir. Xarici siyasət, regiondakı rol, eləcə də daxili sosial-iqtisadi məsələlərə yanaşmada ciddi fikir ayrılıqları mövcuddur.

- Ümumiyyətlə, Məsud Pezeşkian vaxtından əvvəl iqtidardan gedə bilərmi?

- Mühafizəkar qüvvələrin Pezeşkianı hakimiyyətdən uzaqlaşdırmaq imkanları var, lakin bu addım ciddi risklər yarada bilər. İran prezidenti geniş ictimai dəstək əsasında seçilib və onun qaldırdığı problemlər cəmiyyətdə müsbət qarşılanır. Son iki prezident seçkisində seçici fəallığının rekord səviyyədə aşağı olması da mövcud siyasi sistemə inamın zəiflədiyini göstərir. Belə şəraitdə legitim prezidentin məcburi istefaya göndərilməsi daxili sabitlik üçün təhlükəlidir. Hazırda mühafizəkar komanda Pezeşkianın manevr imkanlarını məhdudlaşdırsa da, prosesləri onun prezidentlik müddətinin sonuna qədər nəzarətdə saxlamağa çalışa bilər. Lakin Pezeşkianın müqaviməti daha aktiv xarakter alsa, onun vaxtından əvvəl istefaya göndərilməsi cəhdləri istisna deyil.

- Bu prosesin Bakı-Tehran münasibətlərində yeni gərginlik yaratma ehtimalı nə qədərdir?

- Pezeşkianın hakimiyyətdən uzaqlaşdırılması, əlbəttə, Azərbaycanla münasibətlərə mənfi təsir göstərə bilər. Onun regional siyasətə yanaşması, xüsusilə Cənubi Qafqazda əməkdaşlıq və regional inteqrasiya baxımından daha konstruktivdir. Hakimiyyət dəyişikliyi baş verərsə, ikitərəfli münasibətlərin yeni siyasi prioritetlərə uyğunlaşdırılması vaxt və əlavə resurslar tələb edəcək. Eyni zamanda müəyyən fasilə də yarana bilər. Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi və Araz çayının su ehtiyatlarından birgə istifadə kimi transmilli və iqtisadi layihələr şəxslərdən asılı deyil. Bu istiqamətlərdə əməkdaşlığın davam edəcəyi gözlənilir. Digər sahələrdə isə münasibətlərin yenidən müzakirəsi və razılaşdırılması zəruri olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31