İlham Əliyev bütün Azərbaycan xalqının Prezidenti ola bildi- ÖZƏL
12:33 SiyasətAzərbaycan tarixində ən çox xatırlanan, ən çox mübahisəyə səbəb olan, ən çox böhtana məruz qalan, ən çox təhrif olunan hadisələr Qarabağla bağlıdır. Qarabağ həm də dünya dövlətləri tərəfindən ən çox münasibət bildirilən bölgədir. Həmişə sual olunur, bu nə ilə bağlıdır?
Tarixə nəzər salaq. Qarabağ bütün tarixi mənbələrdə Azərbaycan torpağı kimi xarakterizə olunur. Şübhəsiz bu ərazinin yerli əhalisi azərbaycanlılar idi. Alban məliklikləri bu ərazidə məskunlaşandan sonra yerli müsəlman əhali ilə gəlmə xristian əhali arasında çox zaman mübahisələr münaqişə səviyyəsinə qalxırdı. Xristian əhali bəzən yardım üçün hətta çar Rusiyasına belə müraciət edirdi. Qarabağda heç bir zaman söz sahibi olmayan ermənilər də xristian dininin daşıyıcılarına tərəfdar çıxır və müsəlmanlara olan düşmən münasibətini biruzə verirdilər. Qarabağda separatçı meyllər artdıqca bu əraziyə müdaxilələr üçün bəhanə yaranırdı. Səbəb kimi də guya xristian əhali incidilir, dinləri isə təqib olunur və s.
Çariça II Yekaterina general Zubova göstəriş verərək deyirdi:"Əmr edirəm, Qarabağı al, ermənilərin sayını artır, orada mənim şərəfimə Çarqrad şəhərinin əsasını qoy, Alban erməni dövlətini elan et!" Göründüyü kimi, Qarabağ ərazisi ilə heç bir bağlılığı olmayan rus və ermənilər bu əraziyə sahib olmaq üçün təzavüzkar planlar hazırlamışdılar. II Yekaterinanın ölümü bu müdaxilənin gerçəkləşməsini bir neçə il ləngitdi.
Müstəqil Azərbaycan xanlıqlarının vahid dövlət şəklində birləşə bilməməsi Azərbaycanın, o cümlədən Qarabağ xanlığının işğalını sürətləndirdi. Doğrudur, 1805-ci il mayın 14-də qaniçən rus generalı P. Sisianovla Qarabağ xanı İbrahim Xəlil xan arasında 11 maddədən ibarət "Kürəkçay müqaviləsi" imzalandı. Əgər müqavilə bağlanan dövrdə ermənilər də bu ərazidə söz sahibi və ya bu ərazinin sakinləri olsaydı, yəqin ki, müqavilədə onların adına da rast gəlməli idik. Amma müqavilədə ermənilərlə bağlı bir söz belə yoxdur. Deməli, Rusiya tərəfi də bu ərazinin azərbaycanlılara məxsus olduğunu etiraf edirdi.
1813-cü il " Gülüstan" və 1828-ci il " Türkmənçay" müqavilələri Şimali Azərbaycan xanlıqlarının müstəqilliyinə son qoydu və Rusiya tərəfindən işğalı rəsmiləşdirdi. Cənubi Azərbaycandan və Osmanlı ərazisindən yüz minlərlə erməni Azərbaycan torpaqlarına köçürüldü. Təbrizdə ermənilərin köçürülməsinə başçılıq edən İ.Lazarev ermənilərə müraciətində deyirdi:" Ey, ermənilər, Sizə şad xəbərim var. Sizə təzə vətən tapmışıq. Bu təzə vətən Qarabağ, Naxçıvan və İrəvandır". Ermənilərin Qarabağa köçürülməsi dövründə çar İ Nikolayın 1828-ci il martın 21-də keçmiş Naxçıvan və İrəvan xanlıqları ərazisində erməni vilayətinin yaradılması haqqında verdiyi fərman onu göstərir ki, bu ərazilərdə erməni olmayıb. Əgər ermənilər bu ərazinin sakini olsaydılar çarın fərmanına ehtiyac qalmazdı. Rus qafqazşünası İ.Şopen yazırdı ki, Qafqazda 1 milyon 300 min erməni yaşayir, bunların bir milyonu gəlmədir. Ermənilərin Qafqaza , o cümlədən Qarabağa köçürülməsi ilə bağlı çoxsaylı rus tarixçilərinin əsərləri var. Bu əsərlərin hər birində Qarabağ əhalisinin oturaq, ermənilərin isə gəlmə olduqları xatırlanır. Çox təəssüflər olsun ki, çarizm erməniləri Azərbaycan torpaqlarına köçürmək üçün hər cür riyakarlığa əl ataraq XX əsrin əvvəllərində bölğədə demoqrafik vəziyyəti ermənilərin xeyrinə dəyişməyə nail oldu. Çar üsul-idarəsi azərbaycanlı əhalini öz dədə-baba torpaqlarından zorla köçürdür, erməniləri bu torpaqlarda yerləşdirir və uzun müddətə onları vergilərdən azad edirdi.
1918-1920-ci illərdə müsəlman Şərqində ilk Çümhuriyyət Azərbaycanda quruldu. Qarabağda və Zəngəzurda ermənilər Azərbaycan qanunlarını qəbul etməkdən imtina edir, Ermənistanın daşnak hökuməti ilə əməkdaşlıq edirdilər. 1919-cu ilin iyulunda Şuşada Azərbaycan hökuməti ilə erməni icması arasında razılıq əldə edildi. Razılığın birinci maddəsinə görə Qarabağda yaşayan erməni tərəfi Cümhuriyyət qanunları ilə yaşamağa razılığını bildirirdi. Milli hökumət Qarabağda əmin-amanlıq yaratmaq, erməni yaraqlılarını bölgədən çıxarmaq, iki xalq arasında milli ədavəti aradan qaldırmaq üçün Qarabağ general-qubernatorluğu yaratdı. 1920-ci ilin aprel işğalı Cümhuriyyətin Qarabağla bağlı planlarını axıra qədər həyata keçirməyə imkan vermədi. Cümhuriyyətin süqutundan sonra Zəngəzuru ələ keçirən ermənilər Sovet Rusiyası rəhbərliyinin yaxından köməyi ilə Qarabağı Azərbaycandan ayırmaq və Ermənistana birləşdirmək üçün dəridən-qabıqdan çıxırdılar. Hətta 1921-ci il iyulun 4-də Pusiya Kommunist(bolşeviklər )Partiyası Qafqaz bürosu Qarabağın Ermənistana verilməsi haqqında qərar qəbul etdi. Bir gün sonra -iyulun 5-də Qafqaz bürosu Şuşa şəhəri paytaxt olmaqla, Qarabağın Azərbaycanın tərkibində qalması haqqında qərar qəbul etdi. 1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Beləliklə, sovet rəhbərliyi Qarabağda daim tüstülənən separatçı yuvanın yaradılmasına nail oldu. Vilayət rəhbərliyi vaxtaşırı sovet rəhbərliyi qarşısında Qarabağ məsələsini qaldırır və Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdilər.
80-ci illərin sonunda SSRİ adlanan nəhəng imperiya süqut etdi. Qarabağ erməniləri sovet dövlətinin zəifləməsi və yerli hakimiyyətin qətiyyətsizliyindən istifadə edərək Azərbaycandan ayrıldıqlarını elan etdilər. Ermənistan və Sovet rəhbərliyi Qarabağ ermənilərini müdafiə etdilər. Erməni diasporu və erməni lobbisi Qarabağdakı erməniləri silah və sursatla təmin edir, Qarabağ erməniləri isə azərbaycanlı əhalini bölgədən çıxarmaq üçün hər cür qətliam həyata keçirirdilər. Beləliklə, 1993-cü ilin yayına qədər erməni silahlı birləşmələri Azərbaycanın 20 faiz torpağını işğal etdilər, evindən-eşiyindən qovulan bir milyon azərbaycanlı qaçqın və köçkün həyatını yaşamağa məcbur edildi.
1993-cü ilin ən ağır günlərində Azərbcan xalqının tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Heydər Əliyev Azərbaycanı qardaş qırğınından, vətəndaş müharibəsindən və müstəqilliyini itirməsindən qorudu. On illik hakimiyyəti dövründə müstəqil Azərbaycan üçün əlindən gələni etdi. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi tarixə düşdü. Qarabağ problemi ilə baglı nə mümkün idisə, onları etdi. Amma onu da etiraf etmək lazımdır ki, Qarabağ məsələsində erməniləri müdafiə edənlər çoxluq təşkil edirdilər. Dünya Azərbaycanın haqq işini qulaqardına vurur, özünü yazıq və məzlum xalq kimi təqdim edən ermənilərin göz yaşlarına inanır, onların təcavüzünə haqq qazandırırdılar. Ümummilli lider Azərbaycan xalqını inandırırdı ki, Qarabağ azad olunacaq və Azərbaycanın üçrəngli bayrağı bu bölgədə şərəflə dalğalanacaq.
Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən II Qarabağ müharibəsi və 2023 -cü il antiterror əməliyyatının uğurla həyata keçirilməsi nəticəsində mümkün oldu. Məhz 1993-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan xalqını dəmir yumruq kimi öz ətrafında birləşdirərək düşmənə qarşı mübarizə aparmaq əzmi Azərbaycan xalqının son 30 ildə arzuladığı qələbəni gerçəkləşdirdi. Öz lideri ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan ordusu Qarabağ cəbhəsində düşmənin onurğa sütununu sındırdı, ərazilərimizi düşmən işğalından azad etdi. Vaxtilə Nadir şah Əfşar da işğala məruz qalan torpaqlarımızı azad etdi. Amma Nadir şahın ölümü ilə Əfşarlar dövləti süqut etdi. Çünki onun uğurlarını davam etdirən siyasi varisi olmadı. Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində ən böyük xidmətlərindən biri də, müstəqil Azərbaycanı hər cür təhlükələrdən qorumaqla yanaşı, Azərbaycanın müstəqilliyini əbədi etmək üşün 2003-cü ilin oktyabrın 1-də İlham Əliyev cənablarını Azərbaycan xalqına təqdim edərək deyirdi: " Mən ona özüm qədər inanıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaq". Bəli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları uzun əsrlərdən sonra ilk dəfə Azərbaycan torpaqlarını düşmən işğalından azad etdi, Qarabağdakı separatçı yuvasına son qoydu, Azərbaycanın suverenliyini bərpa etdi. Prezident İlham Əliyev bütün Azərbaycan xalqının Prezidenti ola bildi, xalq və iqtidar birliyini təmin etdi, Qarabağ probleminin tarixini və hüquqi əsaslarını dünyaya çatdırdı, güclü iqtisadiyyatın yaradılmasına nail oldu, özünün dediyi kimi, on yeddi illik hakimiyyəti dövründə əsgərindən bir gün belə ayrı qalmadı.
Bəli, 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının taleyində və tarixində ölüm-dirim məsələsi idi. Ali Baş Komandan xalqını əmin etdi ki, onların dünyaya gətirdiyi, onun tərbiyə etdiyi əsgər heç vaxt məğlub ola bilməz. Ali Baş Komandan Azərbaycanın haqq işinə mane olan və təhdid edən dövlətləri yerində oturtdu. Ali Baş Komandan hər gün işğaldan azad edilən kənd və şəhərlərlə bağlı ilk xəbəri özü elan edirdi. Azərbaycan 30 ildən sonra tarixində ilk dəfə Qarabağla bağlı qələbə sevincini yaşadı. 44 günlük Vətən Müharibəsi nəticəsində erməni ordusu ilə bağlı bütün miflər darmadağın olundu, ermənilərin havadarlarının hədələri nəticəsiz qaldı. Çünki 44 günlük Vətən Müharibəsinin Qəhrəmanı öz fitri istedadı, qətiyyəti, cəsur, mərd və vətənsevərliyi ilə hamını heyran edən Ali Baş Komandan oldu. Torpaqlarının azad olunmasını həsrətlə gözləyən xalqını inandırdı ki, Ümummilli lider Heydər Əliyevin yolu haqq yoludur. Bu yol hamını birləşdirib, dəmir yumruq kimi birləşən və İlham Əliyevə səs verən xalqın torpağı işğal altında qala bilməz və qalmadı.
2023-cü ilin sentyabrında Azərbaycan öz tarixində ilk dəfə bütövləşdı, Azərbaycanın süverenliyi bərpa olundu, üçrəngli bayrağımız Azərbaycanın bütün ərazisində dalğalanmağa başladı. 100 il əvvəl Azərbaycan xalqının irədəsinin əleyhinə yaradılan Muxtar qurum 2023-cü ildə tariximizdən silindi. Azərbaycanın dövlət başçısının dediyi kimi Qarabağ Azərbaycandır.
2023-cü il Ümummilli lider Heydər Əliyev ili oldu. Heydər Əliyevin 100 illik yubileyinə ən böyük hədiyyə Qarabağın azad olunması və Azərbaycanın bütövləşməsi ola bilərdi. Bəli, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyeb cənablarının ruhunu belə şad edə bilərdi və etdi. Müzəffər Ali Baş Komandan Azərbaycan tarixinə Qarabağın Fatehi kimi daxil oldu. Uğurunuz mübarək, Müzəffər Ali Baş Komandan!
Uzun illər arzusunda olduğumuz bu tarixi qələbəni kiminsə hesabına qazanmadıq. Bu Zəfərin Ali Baş Komandanı da məlum, bu qələbə üçün canından keçən də məlum, bu qələbə üçün qan tökən də məlum.
Kim deyir ki, 1813 və 1828-ci illərdə bağlanmış Gülüstan və Türkmənçay müqavilələrini biz ürəkdən qəbul etmişik? Əsla yox. Bu müqavilələr bizim torparlarımızın bölüşdürülməsinə aid idi. Amma biz ora çağrılmamışdıq. Bizim taleyimiz bizim iştirakımız olmadan həll olundu.
Kim deyir ki, 1920-ci ilin aprelində işğalçı 11-ci ordunu Azərbaycana biz çağırmışdıq? Əsla yox. Hansı xalq istəyər ki, müstəqilliyini əlindən versin, əsarəti qəbul etsin. Amma düşmənə gücümüz çatmadığı kimi cəsarətimiz də çatmadı ki, yazaq: müstəqil Azərbaycan xanlıqları çar Rusiyasına birləşmədi, işğal edildi, 11-ci işğalçı ordunu Azərbaycana biz çağırmadıq, özü gəldi. Bu necə çağırmaq idi ki, 1920-ci ilin aprelin sonlarında Samur çayını keçən rus işğalçılarına qarşı qeyri-bərabər döyüşdə 300 nəfər ləzgi polku son nəfəsinə kimi vürüşdu və şəhid oldu. Qonağı belə qarşılamırlar, düşmən belə qarşılanır!
Min şükürlər olsun ki, 2023-cü ildən sonra Azərbaycan adlanan məmləkət azad və suverendir. Dünya öz tarixində Qərbin heç bir təhdini və hədəsini qəbul etməyən Azərbaycanın yenilməz lideri ilə üz-üzə dayandı. Dünya ilk dəfə qeyri-adi gücə malik Azərbaycanı gördü. Dünya istəsə də, istəməsə də Azərbaycan xalqının qələbəsini qulaqları ilə eşitməyə, gözləri ilə görməyə məcbur oldu. Dünya heç vaxt xalq və iqtidar birliyinin bu dərəcədə güclü və sarsılmaz olduğunun şahidi olmamışdı.
Beş ildir ki, qalib Azərbaycan öz uğurları ilə diqqət mərkəzindədir. Otuz il ərzində Qarabağa və Şərqi Zəngəzura vurulan yaraları sağaltmaqla məşğuldur. Məlhəmin də, dərmanın da sahibi özüdür, özü bərpa edir, özü tikir.
Bu qələbəni bütün sevinci Azərbaycan xalqına və haqqı müdafiə edənlərə məxsusdur. Bu qələbədən gecəsini gündüzlə dəyişik salan, hiddətindən insanlığını itirənlərin ünvanları da məlumdur. Qərbin böyük dövlətləri bu müharibənin ədalətlə bitməsinə böyüklük edə bilmədilər. Hər dəfə yalançı və saxta erməni göz yaşına arxa çıxdılar, namərd mövqe nümayiş etdirdilər. Amma səhv etdilər. Nə Azərbaycan xalqının gücünü, nə də Azərbaycan Prezidentinin qətiyyətini və cəsarətini qiymətləndirə bildilər.
Ermənistan və havadarlarının Azərbaycana münasibəti məlum. Avropa Parlamenti başda olmaqla ermənilərə saxlanan yas hələ çox vaxt aparacaq. Azərbaycanın qələbə karvanı yol gedəndə kənarda qəribə səs çıxaranlara əhəmiyyət vermir. Qoca və qartımış Avropa bizim qələbəmizlə bağlı nə istəyirsə, desin, bizi bu yoldan heç kim döndərə bilməz.
Uzun illər Azərbaycanı içəridən dağıtmağa cəhd edən Ramiz Mehdiyevlər, Abbas Abbasovlar, Gültəkin Hacıyevalar, Əli Kərimlilər bilməlidirlər ki, Allahın nəzəri bizim üstümüzdədir, onların xəyanəti Azərbaycan xalqının iradəsinə təsir edə bilməz.
Qərbdə küçə həyatı yaşayan, əxlaqımıza zidd olan söyüşlərlə gündəm yaratmaq istəyənlər də bilməlidirlər ki, çörəyi kişi kimi qazanıb yemək lazımdır, Qərbə yarınmaqla kişi adını daşımaq olmaz! Şəhidlərimizin qanı, qazilərimizin yaraları siz vətən xainlərini bağışlamaz. Vətən müqəddəsdir!
Müstəqil və suveren Azərbaycanın Prezidenti, doğum gününüz mübarək!
Anar İsgəndərov
Milli Məclisin Elm və təhsil komitəsinin sədri,
tarix elmləri doktoru, professor