Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə adı qızıl hərflərlə yazılmış fenomen şəxsiyyətdir- ÖZƏL

Müasir Azərbaycan dövlətinin uğurlu inkişaf yolu, əldə olunan tarixi nailiyyətlər və beynəlxalq arenada yüksələn nüfuzumuz birmənalı olaraq Möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Onun milli maraqlara söykənən siyasi fəaliyyəti, prinsipial mövqeyi və qətiyyətli liderlik iradəsi ölkəmizin inkişafını stimullaşdıran əsas meyardır. 
1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil almışdır. Təhsilini 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda davam etdirən dövlət rəhbərimiz 1982-ci ildə həmin institutun aspiranturasına daxil olmuşdur. 1985-ci ildə isə  dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. Cənab Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi kimi çalışmış və diplomatiyanın sirlərinə yiyələnmişdir. O, Azərbaycanın ən çətin vaxtlarında Ulu Öndər Heydər Əliyevin yanında olmaqla taleyüklü məsələlərdə səmərəli işlərə imza atmışdır. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olan dövlət başçısı, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilmişdir. O, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilmişdir. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri olmuşdur.  

2003 - cü ildə Ümumilli Lider Heydər Əliyevin vəfatından sonra Azərbaycan xalqı bir daha tarixi seçim qarşısında qaldı. Lakin ən çətin anlarda belə müdrik qərarlar qəbul etməyi bacaran xalqımız, məhz
 taleyini dəyişdirən, müstəqillik rolunu müəyyən edən irsə, Ulu Öndər Heydər Əliyev kursuna sadiqliyini bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev 2003 - cü ildə keçirilən prezident seçkilərində inamlı qələbə qazandı. Möhtərəm Cənab 
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini əməli fəaliyyəti ilə sübut etdi. Dövlət başçımız Cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atdı. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.

Ölkə başçımız Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.  Təbii ki, onun liderliyinin ən parlaq təzahürü Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır. 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfər və antiterror tədbirləri nəticəsinə ölkəmizin konstitusion quruluşunun bütün ərazilərdə təmin edilməsi tarixə qızıl hərflərlə yazıldı. Bu əvəzsiz tarixi nailiyyət Ali Baş Komandanın siyasi iradəsinin, müdrik qərarlarının və xalq-lider-ordu birliyinin nəticəsidir. 
Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin bundan sonra da prioritet istiqamətləri olacaqdır. Azərbaycan bu gün etibarlı tərəfdaş, beynəlxalq miqyasda sözünə və mövqeyinə hörmət edilən dövlətdir. Enerji diplomatiyası, nəqliyyat - komunikasiya layihələri, beynəlxalq təşəbbüslər Azərbaycanın geosiyasi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Dövlət başçısı həm qələbə qazanan sərkərdə, həm də sülh gətirən siyasi liderdir. Avqustun 8 - də Birləşmiş Ştatların Prezidenti Donald Trampın moderatorluğu ilə Vaşinqtonda əldə olunan razılaşmalar, Ermənistanla sülh müqaviləsinin paraflanması məhz regionun siyasi arxitekturasını dəyişən hadisə idi. Bu reallığın memarı birmənalı olaraq cənab Prezident İlham Əliyevdir.

65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən olan vətəndaşlar və öz adımdan
Xilaskar Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, ölkəmizin inkişafı istiqamətində gördüyü işlərdə davamlı nailiyyətlər diləyirik.

Günay Ağamalı 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31