Moskvada ard-arda 3 sensasiya: “Sifarişi Putin verib” deyildi, ölkə qarışdı

Son zamanlarda Rusiya Silahlı Qüvvələrinin generallarının ard-arda sui-qəsd nəticəsində qətlə yetirilməsi diqqət çəkir. Bu qətllər yalnız Rusiya ordusunun komanda zəncirinə deyil, həm də Prezident Vladimir Putinin nüfuzuna ciddi təhdid yaradır.

Analitiklər sözügedən hadisələri Rusiya xüsusi xidmət orqanlarının zəifləməsinin, kəşfiyyat və təhlükəsizlik sistemində mövcud olan boşluqların, eləcə də hərbi strukturların çöküşdə olmasının göstəricisi kimi qiymətləndirirlər.

Bu qətllər həqiqətən Ukrayna kəşfiyyatının əməliyyatı nəticəsidir? Yoxsa Moskva daxilindəki siyasi intriqalar və ya Putinin özü tərəfindən həyata keçirilən "təhlükəsizlik tədbirləri"dir?

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, dekabrın 22-də Moskvada Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin rəisi general-leytenant Fanil Sarvarovun avtomobilinə qoyulmuş bomba ilə öldürülməsi son bir ildə paytaxtda baş verən üçüncü belə hadisədir:

"Rusiya rəsmiləri bunu birbaşa Ukrayna kəşfiyyatının əməliyyatı kimi qiymətləndirir və terror aktı hesab edirlər. Müharibə başlayandan bəri Rusiya ordusu 20-dən çox general itirib. Cəbhədəki itkilərdən fərqli olaraq Moskvada baş verən sui-qəsdlər daha çox diqqət çəkir. Bu hücumlar adətən avtomobilə qoyulan bombalar və ya digər yüksək texnologiyalı üsullarla həyata keçirilir. Bütün bunların Qərb kəşfiyyatlarının dəstəyi ilə uzunmüddətli planlaşdırma nəticəsində reallaşdığı ehtimal olunur.

Eyni zamanda, bu ölümlərin bir qisminin Putin rejimindəki daxili "təmizləmələrlə" bağlı ola biləcəyi fikri də var. Çünki müharibə ərzində onlarla yüksək rütbəli zabit korrupsiya və ya döyüş meydanında uğursuzluq ittihamları ilə həbs olunub. Bəziləri isə şübhəli şəraitdə ölüb.

Moskvada ard-arda 3 sensasiya: "Sifarişi Putin verib" deyildi, ölkə qarışdı
Mütəllim Rəhimli

Bu qətllər Rusiya ordusunun rəhbərliyində ciddi qorxu və qeyri-müəyyənlik yaradır. Nəticədə hərbi əməliyyatların effektivliyi aşağı düşür.

Moskvanın mərkəzində belə hücumların qarşısının alınmaması Federal Təhlükəsizlik Xidməti (FTX) və digər xüsusi xidmət orqanlarına da inamı sarsıdır.

Görünən odur ki, bu cür əməliyyatlar müharibəni Rusiya daxilinə daşıyır. Kremlin cavabı adətən daha sərt repressiyalar və xarici təhdid bəyanatları şəklində üzə çıxır. Bütün bunlar isə belə qəsdlərin qarşısını almaq üçün yetərli deyil".

Turan Rzayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31