İlham Əliyevin liderlik modeli: Milli maraqlara söykənən idarəetmə fəlsəfəsi – ÖZƏL
17:58 Siyasət"Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günü qeyd olunur. Bu tarix artıq ölkəmizin siyasi tarixində xüsusi əhəmiyyət daşıyır, çünki İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan həm daxili sabitlik, həm güclü dövlətçilik, həm də beynəlxalq nüfuz baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib. Ekspert bildirib ki, onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan müasir çağırışlara cavab verən, regional təsir imkanları geniş, strateji baxışı olan bir dövlətə çevrilib. Prezident İlham Əliyevin liderlik modeli ilk növbədə milli maraqlara söykənən idarəetmə fəlsəfəsi ilə seçilir. O, verdiyi bütün qərarları Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin və daxili sabitliyinin qorunmasına yönəldir. Bu prinsipial mövqe cəmiyyətdə həm siyasi, həm sosial, həm də psixoloji sabitliyin formalaşmasında əsas rol oynayıb. Prezidentin həyata keçirdiyi sosial siyasət - maaş və pensiyaların artırılması, sosial proqramların genişləndirilməsi, əhalinin rifahının davamlı yüksəldilməsi - vətəndaşların dövlətə olan inamını daha da möhkəmləndirib və siyasi sabitliyin əsas dayaqlarından birinə çevrilib.
Ekspert qeyd edib ki, dövlətçilik ənənələrinin qorunması və daha güclü ideoloji xəttin formalaşdırılması da İlham Əliyevin liderlik modelinin mühüm tərkib hissəsidir. O, Ulu Öndər Heydər Əliyevin siyasi irsini müasir dövrün tələblərinə uyğun inkişaf etdirərək Azərbaycanda möhkəm dövlət idarəetmə sistemi yaradıb. 44 günlük Vətən müharibəsi isə İlham Əliyevin liderliyinin ən parlaq təzahürlərindən biri oldu. Onun strateji qərarları, diplomatik çevikliyi və informasiya müharibəsində üstünlüyü sayəsində Azərbaycan tarixi qələbə qazandı, ərazi bütövlüyünü bərpa etdi və milli birlik daha da gücləndi. Bu qələbə ölkənin daxilində sabitliyi daha möhkəm bünövrə üzərində qurdu.
"İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq mövqeləri də əhəmiyyətli dərəcədə güclənib. Azərbaycan bu gün Cənubi Qafqazın əsas siyasi güc mərkəzinə çevrilib. Ərazi bütövlüyünün təmin olunması və regionda yeni reallıqların formalaşması ölkənin strateji təsir imkanlarını daha da artırıb. Enerji diplomatiyası sahəsində həyata keçirilən nəhəng layihələr - TANAP, TAP, Cənub Qaz Dəhlizi və digər infrastruktur proqramları - Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevirib, ölkənin iqtisadi imkanlarını genişləndirib və beynəlxalq nüfuzunu möhkəmləndirib," - deyə Z. Əmrəliyev əlavə edib.
Ekspertin sözlərinə görə, müstəqil və balanslı xarici siyasət İlham Əliyevin dünya siyasətinə təsir edən ən mühüm yanaşmalarından biridir. Azərbaycan heç bir blokdan asılı olmayan, öz milli maraqlarına əsaslanan siyasət yürüdür. Bu siyasət ölkəyə həm Şərq, həm Qərb, həm də region ölkələri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurmağa imkan verib. Bakı şəhərinin beynəlxalq tədbirlərə, qlobal idman yarışlarına və yüksək səviyyəli diplomatik görüşlərə ev sahibliyi etməsi Azərbaycanın dünyada modern, təhlükəsiz və inkişaf edən dövlət kimi tanınmasında mühüm rol oynayıb. Nəticə etibarilə, Prezident İlham Əliyevin liderlik modeli Azərbaycanın milli maraqlarının qorunmasına, dövlətçiliyinin möhkəmlənməsinə və beynəlxalq nüfuzunun artmasına xidmət edən strateji və ardıcıl siyasət nümunəsidir. Onun rəhbərliyi dövründə Azərbaycan həm daxili sabitliyi təmin etmiş, həm də regional və qlobal platformalarda güclü mövqeyə sahib olmuşdur. Bu gün ölkədə sabitlik, inkişaf və güclü dövlət anlayışları bilavasitə İlham Əliyevin adını və rəhbərliyi dövrünü simvolizə edir.
Lamiyə Cəbrayılova