NATO-nun planı, Moskvanın reaksiyası: sülh, yoxsa yeni qarşıdurma?- ÖZƏL

NATO-nun Baş katibi Mark Rutte bildirib ki, mümkün atəşkəsdən sonra Rusiya yenidən hücuma keçərsə, bəzi Avropa ölkələri Ukraynaya qoşun göndərməyə hazırdır. Onun sözlərinə görə, Ukraynanın təhlükəsizliyi güclü yerli ordu, Avropa koalisiyası və ABŞ dəstəyindən ibarət üçsəviyyəli sistemlə təmin olunacaq və sülhün qarşısındakı əsas maneə Putindir.
Qərb qoşunlarının Ukrayna ərazisində rəsmən yerləşməsinə Moskvanın reaksiyası necə olacaq? ABŞ-nin üçüncü qüvvə kimi müharibəyə qoşulması nə dərəcədə realdır?
Mövzu ilə bağlı politoloq Fuad Heydər Olaylar.az-a açıqlama verib: 
" ABŞ-nin bu dönəmlərdə  müharibəyə qoşulmaq yox, sülhün tərəfdarı olduqlarını bildirmək lazımdır. Çünki Donald Trampın hakimiyyətə gəldiyi gündən etibarən, seçildiyi ilk vaxtlardan bu günə qədər onun yalnız və yalnız sülh mövqeyində dayandığını və sülh addımları atmağı qarşısına məqsəd qoyduğunu görürük.
Qərb qüvvələri isə təbii ki, Ukraynanı demək olar ki, sarsıtmaq məqsədilə əlindən gələni edirlər və nə imkanları varsa, sona qədər istifadə etməyə çalışırlar ki, Ukraynanı tamamilə zəiflədə bilsinlər. Qərbin əsas məqsədlərindən biri Rusiyanın gücünü daha da azaltmaqdır. Çünki Rusiya hazırda güclü bir fiqur olaraq qalmaqda davam etdikcə, Qərb ölkələrinin məqsədlərindən biri Ukrayna vasitəsilə Rusiyanı daha da silkələmək və sarsıtmaqdır. Amma düşünürəm ki, Donald Tramp buna icazə verməyəcək.
Çünki Donald Trampın qarşıya qoyduğu əsas məqsədlərdən biri sülh müqavilələrinin bağlanması və sülh proseslərinin həyata keçirilməsidir. Buna başlanğıc olaraq, artıq 30 ildən çoxdur həllini tapmayan, 44 günlük Vətən müharibəsindən sonra isə faktiki olaraq gündəmə gələn və son 5 ildə müzakirə mövzusu olan Zəngəzur dəhlizi məsələsinin Tramp tərəfindən həll edilməsi, digər məsələlərin də yoluna düşəcəyini göstərir.
Moskvanın mövqeyinə gəldikdə isə, təbii ki, buna öz reaksiyası olacaq. Moskva artıq ABŞ-a və Qərb ölkələrinə güc nümayiş etdirmək niyyətində deyil. Çünki Moskva ABŞ-la müəyyən razılaşmalar əldə edib. Ukrayna məsələsində də Moskva faktiki olaraq tam atəşkəs olmasa belə, bir sıra qərarlar qəbul edib.
Bu qərar və prosedurların nəticəsi onu göstərir ki, ABŞ Rusiya-Ukrayna məsələsində sabitlik və sülh istəyir. Çünki Rusiyanı yeni formalaşacaq koalisiyaya cəlb etmək niyyətindədir və məqsədi güclü dövlətləri bir araya toplamaqdır. Bunun üçün isə ilk növbədə Rusiyanın işğalçı siyasətinə son qoyulmalı və onun mövqeyi dəyişdirilməlidir.
Qeyd etmək olar ki, Qərb ölkələrinin istəyi Rusiyanı çökdürməkdir, amma hesab edirəm ki, buna nail olmaq çətin olacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31