Şəffaf diplomatiya xətti: Prezidentin MDB görüşünə qatılmaması ətrafında müzakirələr- ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri rəsmi şəkildə açıqlanıb. Məlumata görə, bu qərar Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmaması və dövlət başçısının iş qrafikinin sıxlığı ilə bağlıdır.

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 
" Dövlət başçımızın həm Avrasiya İqtisadi İttifaqının Şurasında iştirak etməməsi, həm də MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi görüşünə qatılmaması ilə bağlı düşünürəm ki, rəsmi məlumatda bütün məqamlar dəqiqliklə öz əksini tapıb. Çünki biz Avrasiya İqtisadi İttifaqının üzvü deyilik və burada iştirak etmək bizim üçün prioritet deyil.
Əlavə etmək lazımdır ki, Avrasiya İqtisadi İttifaqına üzv olan dövlətlərlə Azərbaycanın ikitərəfli müstəvidə çox yaxşı münasibətləri var. Hətta Ermənistanla da münasibətlər bu gün normallaşmaq üzrədir. Son baş verən proseslər də bunu göstərir və pozitiv dinamikanı təsdiqləyir. Digər tərəfdən, MDB dövlət başçılarının iclasında cənab Prezidentin iştirak etməməsi onun sıx iş qrafiki ilə bağlıdır. Hesab edirəm ki, oktyabr ayında Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB dövlət başçılarının sammitində dövlət başçımız iştirak edib və həmin çərçivədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli görüş baş tutub. Bu görüş kifayət qədər konstruktiv və məhsuldar olub. Əlbəttə, görüşdən imtina ilə bağlı Kremldə bir sıra fərziyyələr, ehtimallar və düşüncələr səsləndirilir. Amma Azərbaycan diplomatiyasında hər şey kifayət qədər açıq, şəffaf və proqnozlaşdırılandır. Belə zənn edirəm ki, məhz rəsmi Azərbaycanın ortaya qoyduğu mövqe əsaslıdır və reallığı əks etdirir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31