Ramiyə Məmmədova: Prezidentin sammitə qatılmaması Rusiyaya “təyyarə etirazı”dır – ŞƏRH – ÖZƏL

"Prezidentin MDB-də iclasda iştirak etməməsinin səbəbləri əslində bəllidir. Bu səbəblər artıq uzun müddətdir ki, vurulan təyyarə ilə bağlı rəsmi açıqlamaların verilməməsi və məsələ üzrə heç bir real addımın atılmaması ilə əlaqədardır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, prezident bu məsələyə etiraz olaraq artıq bir neçə dəfə öz mövqeyini açıq şəkildə ifadə edib. Bu dəfə isə sammitdə iştirak etməməsi və bunu işlərinin çoxluğu ilə əsaslandırması da siyasi mesaj kimi qiymətləndirilməlidir.

Məlumdur ki, son dövrlərdə, xüsusilə də təyyarənin vurulmasından sonra Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginlik yaşanıb. Təbii ki, Putinlə İlham Əliyev arasında baş tutan görüşdən sonra bu gərginlik qismən azaldı. Lakin buna baxmayaraq, məsələ ilə bağlı konkret və aydın cavabların verilməməsi, araşdırmaların uzadılması və Qazaxıstan tərəfinin də bu proseslə bağlı hər hansı nəticə açıqlamaması vəziyyəti dəyişmir. Bu da göstərir ki, söhbət birbaşa Rusiya ilə bağlı məsələdir. Çünki Rusiya bu mövzuda dəqiq məlumatların açıqlanmasına imkan vermir. Bütün bunların fonunda Azərbaycan Prezidentinin MDB sammitində iştirak etməməsi Rusiyaya qarşı bir növ siyasi etiraz kimi dəyərləndirilə bilər. Burada əsas məsələ Azərbaycanın mövqeyinin və dövlət olaraq irəli sürdüyü tələblərin görməzlikdən gəlinməməsidir.

Ekspert qeyd edib ki, MDB çərçivəsində Azərbaycanla üzv dövlətlər arasındakı münasibətlər ümumilikdə normal səviyyədədir. Bu baxımdan, sammitdə iştirak etməməyin və bunu işlərin çoxluğu ilə əsaslandırmağın münasibətlərə hər hansı mənfi təsir göstərəcəyi gözlənilmir. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü deyil. Buna görə də həmin platformalarda iştirak etməmək gələcəkdə hansısa problem və ya etiraz zərurəti yaratmır.
Hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətləri nə yüksək, nə də aşağı səviyyədə qiymətləndirmək olar. Bu münasibətlər daha çox orta və balanslaşdırılmış səviyyədə davam edir. Lakin Azərbaycan bir dövlət olaraq öz tələblərinin Rusiya tərəfindən yerinə yetirilməsini gözləyir. O cümlədən vurulan təyyarə ilə bağlı kompensasiyaların ödənilməsi məsələsi açıq qalır. Putinin bu məsələdə dolayısı ilə ifadə etdiyi üzrxahlıq mövqeyi Azərbaycan tərəfindən tam qənaətbəxş hesab olunmur və bu səbəbdən Rusiyadan konkret addımlar gözlənilir.

"Rusiya-Azərbaycan münasibətləri eyni zamanda regionda baş verən proseslərdən də asılıdır. Regionda gedən proseslər və Rusiyanın əvvəlki illərlə müqayisədə təsir gücünün azalması Azərbaycan tərəfindən diqqətlə izlənilir. Buna baxmayaraq, Azərbaycan Rusiya ilə münasibətlərini tərəfdaş və yaxın qonşu prinsipi əsasında qorumağa çalışır, eyni zamanda Qərb ilə Rusiya arasında balans siyasətini davam etdirir.
Zəngəzur dəhlizi məsələsində Rusiyanın müəyyən narazılıqları mövcuddur. ABŞ faktorunun da bu proseslərdə yer alması regionda siyasi gərginlik yaradır. Azərbaycan isə bu gərginlikləri üzərindən ataraq, Ermənistanın mövqeyindən kənarda, balanslı və praqmatik siyasət yürütməyə çalışır. Məqsəd heç bir tərəflə münasibətləri pozmadan, ölkənin milli maraqlarını qorumaqdır.
Logistika, nəqliyyat və regional layihələr baxımından Azərbaycan bu gün ön sırada gedən ölkədir. Bu kontekstdə həm Rusiya ilə, həm də regionun digər əsas aktorları ilə münasibətlərini normal və qarşılıqlı maraqlara əsaslanan şəkildə qurmağa çalışır," - deyə siyasi şərhçi vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31