Paşinyandan ikibaşlı açıqlama: Azərbaycanla sülh Rusiya üçün nə vəd edir?

Nikol Paşinyan Sankt-Peterburqda prezident Vladimir Putinlə ikitərəfli görüşdə bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Rusiya ilə münasibətlərin inkişafı üçün yeni imkanlar açacaq.

kenan.jpg (34 KB)

Politoloq Kənan Novruzov Musavat.com-a deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi artıq qaçılmaz reallığa çevrilib:

"Bunu İrəvan da bilir və qəbul edir. Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsində Paşinyan qalib gələcəyi təqdirdə gələn il sülh sazişinin imzalanması gözləniləndir. Ermənistan iqtidarı indidən həm daxili, həm də beynəlxalq ictimaiyyəti bu prosesə hazırlayır.

Beynəlxalq ictimaiyyətin reaksiyasından danışarkən Rusiyanın mövqeyini xüsusi qeyd etmək lazımdır. Belə ki, rəsmi Moskva Cənubi Qafqaza qonşu ölkə olaraq bu bölgədə baş verən proseslərdə, o cümlədən Bakı-İrəvan münasibətlərində xüsusi maraqlıdır.

Rusiya tarix boyu Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlı olmayıb. Əksinə, regional gərginlik vasitəsilə öz maraqlarını təmin edib, bölgədəki təsir imkanlarını gücləndirib. Bunu zaman-zaman özünün ritorikası ilə sübut edib.

Doğrudur, Rusiya artıq əvvəlki Rusiya deyil, xeyli zəifləyib. Buna baxmayaraq, Kremlin Cənubi Qafqazla bağlı niyyətindən əl çəkməsi də inandırıcı görünmür. Rusiya regiona "parçala, hökm et" düsturu ilə yanaşır. Bəlkə də Rusiya hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəyir. Amma bu, müvəqqəti xarakter daşıyır. Moskva indiki məqamda - başının müharibəyə qarışdığı bir vaxtda kənar qüvvələrin bölgəyə müdaxiləsinin qarşısını almaq, həmçinin əsas vasitəçi rolunda çıxış edən ABŞ ilə münasibətləri gərginləşdirməmək üçün sülh prosesini dəstəkləyə bilər. Amma Şərqi Avropadakı döyüşlər başa çatandan sonra Rusiya yenidən "suları bulandıracaq". Yəni Cənubi Qafqazda sülh Rusiya üçün strateji yox, taktiki əhəmiyyətlidir.

Paşinyanın açıqlamasına gəldikdə, Ermənistan Rusiyanı qıcıqlandırmaq istəmir və onu əmin etməyə çalışır ki, mümkün sülh Rusiyanın maraqlarına zidd deyil. Reallıqda mümkün sülhdən sonra İrəvanın Moskvanın "çətiri altından çıxması üçün" unikal şərait yaranacaq. Paralel olaraq Ankara ilə münasibətlərin inkişafı da buna şərait yaradacaq. Yəni Türkiyə lazım gələrsə, Ermənistanı kənar təzyiqlərdən, o cümlədən Rusiyadan qoruyacaq. Bu halda İrəvan-Moskva münasibətlərində yeni mərhələ başlaya bilər.

Amma Ermənistan Rusiyanı arxayın etmək istəyir ki, bu olmayacaq. Fikrimcə, mümkün sülhdən sonra Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları xeyli azalacaq ki, bu da öz növbəsində Moskva-İrəvan münasibətlərinə təsir edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31