Ermənistan və Azərbaycan arasında ilk birbaşa ticarət: Yanacaq idxalı ətrafında mübahisə – ÖZƏL

Müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycandan Ermənistana birbaşa ticarət müqaviləsi çərçivəsində yanacaq tədarük edilib. Gürcüstan üzərindən tranzitlə Ermənistana 22 vaqondan ibarət 1 218 ton benzin çatdırılıb.

Tədarük noyabrın 28-də Qəbələdə baş tutan baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin görüşündə əldə olunmuş razılığa əsasən reallaşıb.

Olaylar.az xəbər verir ki, erməni iqtisadçı Ayk Farmanyan bu addımı tənqid edərək bildirib ki, Ermənistanın qarşılıqlı təklif edəcəyi mal olmadığı üçün bu ticarət birtərəflidir.

Ekspert iddia edir ki, bu ticarətdən əldə olunan vəsait Azərbaycanın hərbi potensialına yönəlir və sülh müqaviləsi imzalanmadan belə risklər yolverilməzdir.

Farmanyanın fikrincə, Ermənistanda benzin qıtlığı yoxdur və gətirilən yanacağın Azərbaycan tərəfindən üçüncü ölkələrdən alınıb yenidən satılması ehtimalı istisna deyil.

Ermənistanın iqtisadiyyat naziri Qevork Papoyan bu hadisəni iki ölkə arasında ilk birbaşa ticarət əməliyyatı kimi qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31