Deputat Avropa Parlamentini emosional qərarlardan çəkinməyə çağırdı
11:07 SiyasətAzərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa mətbuatında, Avropa İttifaqının 27 ölkəsində yayımlanan tanınmış informasiya portalı - EU Reporter-da "Is European Parliament against a peace?" adlı məqaləsi dərc olunub.
Məqalədə Avropa Parlamentinin Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı son dövrlərdə sərgilədiyi mövqeyə, 18 dekabr 2025-ci il tarixli Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnaməyə dair məqamlar qeyd olunur. Millət vəkili Avropa Parlamentinin qəbul etdiyi bu tip qərəzli sənədlərin regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etmədiyini, əksinə, prosesə mənfi təsir göstərdiyini qeyd edir.
Məzahir Əfəndiyev vurğulayır ki, Avropa Parlamentinin bəzi hallarda beynəlxalq hüququn norma və prinsiplərinə zidd, selektiv yanaşmalar nümayiş etdirməsi regionda etimad mühitinin formalaşmasına ciddi maneələr yaradır. Deputat Azərbaycanın postmünaqişə dövründə irəli sürdüyü sülh təşəbbüslərinin beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslandığını diqqətə çatdırır.
Belə ki, 08 avqust 2025-ci il tarixində ABŞ-da imzalanmış üçtərəfli Vaşinqton Bəyannaməsi nəticəsində Azərbaycanla Ermənistan arasında sülh sazişinin müddəalarının paraflanması, Azərbaycanın münaqişədən sonrakı dövrdə revanşizmə deyil, yalnız regional inteqrasiyaya, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına və iqtisadi əməkdaşlığa üstünlük verməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa çevrilməsi regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat yazısında Avropa Parlamentini emosional və birtərəfli qərarlardan çəkinməyə, regionda formalaşmış yeni siyasi, hüquqi reallıqları nəzərə almağa çağırır. O, Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinin qətnaməsinə cavab olaraq qəbul etdiyi bəyanatın ölkəmizin prinsipial mövqeyini ifadə etdiyini xüsusi vurğulayır.
Sonda M.Əfəndiyev qeyd edir ki, sülhün əldə olunması yalnız qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və ədalətli yanaşmaya əsaslanan siyasət nəticəsində mümkündür, bu istiqamətdə bütün beynəlxalq tərəfdaşlar məsuliyyətli mövqe nümayiş etdirməlidirlər.
Həmin məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://www.eureporter.co/azerbaijan/2025/12/20/is-european-parliament-against-a-peace/