TDT-yə üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci iclası Bakıda keçiriləcək
10:36 SiyasətAzərbaycan ilə Türkiyə arasında əməkdaşlığın mühüm elementlərindən biri də beynəlxalq və regional təşkilatlar çərçivəsində fəaliyyətin əlaqələndirilməsidir.
Olaylar.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
"Türk Dövlətləri Təşkilatında səmərəli işbirliyimizi xüsusi qeyd etmək istərdim.
Sentyabrda Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ilk iclası zamanı biz digər məsələlərlə yanaşı, həmçinin ticarət, investisiyalar, nəqliyyat, energetika və kənd təsərrüfatı kimi prioritet iqtisadi sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik", - Baş nazir vurğulayıb.
"Fürsətdən istifadə edərək diqqətinizə çatdırmaq istərdim ki, yeni yaradılmış formatda Hökumət başçılarının/Vitse-prezidentin ikinci görüşünə 2026-cı ildə Azərbaycan ev sahibliyi edəcək.
Bununla yanaşı Türk Dövlətləri Təşkilatı çərçivəsində sənaye, elm, texnologiya və innovasiya sahələrində nazirlər səviyyəsində dialoq ardıcıl şəkildə gücləndirilir. Bu xətt üzrə 2024-cü ildə İstanbulda ilk iclas, 2025-ci ildə isə Bakıda ikinci iclas keçirilmişdir.
Eyni zamanda, Türk İnvestisiya Fondunun yaradılması region daxilində birgə investisiya təşəbbüslərinin dəstəklənməsi və maliyyə alətlərinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır", - Baş nazir Əli Əsədov qeyd edib.