İranda siyasi balans dəyişir: islahatçılar üçün yeni imkanlar yaranır- ÖZƏL

İran Prezidenti Məsud Pezeşkian ölkədəki vəziyyəti "dalan" və "xaos" kimi xarakterizə edən sarsıdıcı bəyanatlarla çıxış edərək bildirib ki, yüksək gözləntilərə baxmayaraq, mövcud siyasi sistem dəyişikliklərə imkan vermir və problemlərin kökündə xarici güclər deyil, daxili idarəetmə dayanır. Pezeşkian qonşu ölkələrin İrandan ehtiyat etməsini ciddi siqnal adlandırıb və "Problem bizim içimizdədir" deyərək yalan vədlər dövrünün bitdiyini vurğulayıb. 

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:

"Bir neçə gün əvvəl tələbələr qarşısında çıxışı zamanı İran prezidenti Məsud Pezeşkian ölkənin idarəetmə sistemində ciddi islahatlara keçidin zəruriliyi ilə bağlı məsələlərə münasibətini sərgiləmiş, iqtisadi çətinliklərə, habelə xaricdən olan təhdidlərə baxmayaraq xalqı birliyə və vəhdətə səsləmişdir. Ölkənin siyasi elitasında islahatçı qanadın nüfuzlu rəhbərlərindən biri olaraq Pezeşkian İranda mövcud idarəetmə sisteminin özündə ciddi islahatlar keçirmədən cəmiyyəti düşündürən və narahat edən problemlərin köklü həllinin mümkün olmayacağına işarə etmişdir. Mövcud durumu dəyişmək üçün "sehrli çubuğa malik olmadığını" söyləyən Pezeşkian prezident institutunun məhdud səlahiyyətlərə malik olduğuna eyham edərək, İranın dövlət idarəedicilik sistemində ciddi struktur islahatlarının aparılmasının vacibliyinə eyham etmişdir. Pezeşkian İranda xalqın əvvəlki dövrlərlə müqayisədə durumunda sosial iqtisadi anlamda vəziyyətinin ağırlığı ilə bağlı məsələlərə toxunmuş, mövcud  durumun gerçək səbəbini Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqələndirmişdir. Xorasana olan səfəri zamanı bölgənin problemlərinin həlli üçün 65 milyard tumənin ayrıldığını, bununla belə büdcəyə yenidən baxışın zəruriliyini qeyd edərək sanksiyaların yumşaldılması üçün Qərblə münasibətlərə yeni baxışın vacibliyi ilə bağlı fikirlər səsləndirib. Qərblə münasibətlərdə praqmatizmin tərəfdarı olan Pezeşkian sanksiyaların yumşaldılmasını İranı problemlər məngənəsindən çıxara biləcək yol kimi görür, bu praqmatizm onun islahatçı siyasətçi kimi Zəngəzur dəhlizi ətrafındakı vəziyyətə münasibətində də, özünü göstərir. Mühafizəkarlardan fərqli olaraq o, Zəngəzur dəhlizi layihəsinin əleyhinə çıxış etmir, sadəcə olaraq İranın dəhliz ətrafında layihələrin icrasına ABŞ-nin iştirakı məsələsindən məmnun qalmadığını bildirir və Azərbaycandan bu amilə xüsusi diqqət  yetirməsini xahiş edir. İran bölgə ilə bağlı qlobal və geosiyasi mahiyyət kəsb edən beynəlxalq layihələrdə maraqlı tərəfdir və bu amil islatçıların İran siyasi elitasında mövqeyini tədricən gücləndirəcək. İranın geopolitik anlamda müttəfiqləri olan Çin və Rusiya ondan zaman keçdikcə daha çevik və optimal mövqenin sərgilənməsində maraqlıdırlar. Bundan əlavə İran əhalisi sürətlə cavanlaşır, yenilənir, nəsillər arasında dünyagörüşündə olan fərqlər isə İranda islahatçıların xeyrinə işləyən sosial, siyasi və psixoloji faktor olacaq. İranın ali dini lideri Xameneyinin yaşı və bununla bağlı siyasi elitanın mühafizəkar qanadında onu əvəzləmək üçün siyasi mübarizəyə ən azı 4 nəfərin qatılması mühafizəkar cəbhənin monolitliyinə ciddi təsir göstərəcək ki, bu amildən də, islahatçı qanad yararlanmağa çalışacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31