Ukraynada Qərb ordusu: NATO Rusiya ilə birbaşa üz-üzə qalacaq? – ÖZƏL

NATO-nun Baş katibi Mark Rutte mümkün atəşkəsdən sonra Rusiyanın yenidən hücum edəcəyi təqdirdə bəzi Avropa ölkələrinin Ukraynaya qoşun göndərməyə hazır olduğunu bəyan edib.
Rutte bildirib ki, hazırda "istəklilər koalisiyası" çərçivəsində quru, dəniz və hava qüvvələrinin yerləşdirilməsi planı hazırlanır. Ukraynanın gələcək təhlükəsizliyi üçün üçsəviyyəli sistem (güclü yerli ordu, Avropa koalisiyası və ABŞ dəstəyi) tətbiq olunacaq. Baş katib vurğulayıb ki, Rusiya cari ildə cəmi 1% ərazi üçün 1,1 milyon hərbçi itirib və sülhün qarşısındakı yeganə maneə Putindir.

Qərb qoşunlarının Ukrayna ərazisində rəsmən yerləşməsinə Moskvanın reaksiyası necə olacaq? Bu müharibənin daha da böyüməsi deməkdir?
ABŞ-nin üçüncü qüvvə kimi müharibəyə qoşulması nə dərəcədə realdır?

"Qərb qoşunlarının Ukrayna ərazisində rəsmi şəkildə yerləşdirilməsi hələlik real deyil. Düzdür, bu istiqamətdə müəyyən danışıqlar aparılır. Bu müzakirələr həm NATO üzvü olan dövlətlər, həm də "könüllülər koalisiyası"na daxil olan ölkələr çərçivəsində, eyni zamanda ABŞ ilə Ukrayna arasında gedir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, gələcəkdə Ukraynanın təhlükəsizlik çətiri məsələsi kontekstində müzakirə olunan əsas məqamlardan biri könüllülər koalisiyasına üzv ölkələrin hərbçilərinin Ukrayna ərazisində yerləşdirilməsi ehtimalıdır. Lakin Rusiya buna qəti şəkildə razı deyil. Moskva heç bir halda NATO üzvü olan dövlətlərin hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsini istəmir. Təbii ki, bu müzakirələr müxtəlif formatlarda aparılır. Rusiya bu danışıqlarda birbaşa iştirak etməsə də, etirazını müxtəlif yollarla ifadə edir. Ona görə də belə bir addımın atılması yalnız Rusiyanın razılığı olduğu halda mümkün ola bilər. Bu razılaşmanın əldə olunması isə əsasən Qərbin vasitəçiliyi ilə mümkün görünür.

Əgər tərəflər razılığa gəlsələr, o halda Avropa ölkələrinin qoşunlarının Ukraynada yerləşdirilməsi ehtimalı yarana bilər. Razılıq əldə olunmazsa, böyük ehtimalla bu məsələ hələlik real olmayacaq. Hazırda söhbət yalnız nəzəri hazırlıqlardan və planlaşdırmalardan gedir.

"NATO da hələlik bu məsələdə israrlı mövqe nümayiş etdirmir. Alyans Rusiyanın razılığı və müəyyən anlaşma çərçivəsində bu addımın atılmasını daha məqsədəuyğun hesab edir. Əgər könüllülər koalisiyasına daxil olan ölkələr Rusiyanın razılığı olmadan belə bir qərar versələr, Rusiya bunu ciddi təhlükə kimi qəbul edəcək.
Bu halda, əgər müharibə davam edərsə, NATO qüvvələri dolayısı və ya birbaşa şəkildə Rusiya ilə üz-üzə qala bilər ki, bu da münaqişənin miqyasının genişlənməsi deməkdir. ABŞ isə hazırda müharibəni dayandırmağa çalışır.
Doğrudur, ABŞ-nin öz təhlükəsizlik təminatları ilə bağlı müəyyən öhdəlikləri var. Ancaq bu yalnız tərəflər razılaşdığı halda mümkün ola bilər. Əgər Rusiya razılaşmaya razılıq verdikdən sonra onu pozarsa, o zaman ABŞ təhlükəsizlik təminatı verən tərəf kimi Rusiyaya qarşı müəyyən addımlar ata bilər. Lakin bütün bunlar hələlik yalnız müzakirə və danışıqlar səviyyəsində olan məsələlərdir," - deyə ekspert qeyd edib.

Siyasi şərhçi əlavə edib ki, hazırda bunların heç biri real mərhələdə deyil. Real olan odur ki, Ukrayna ilə Rusiya arasında müharibə davam edir. Real olan həm də odur ki, ABŞ həm Rusiyaya, həm də Ukraynaya təzyiq göstərərək tərəfləri danışıqlar masasına gətirməyə çalışır.
Son günlər ABŞ-nin Mayami şəhərində Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin müxtəlif formatlarda görüşləri baş tutub. Hətta üçtərəfli görüşlərlə bağlı təkliflər səslənsə də, bunlara hələlik müsbət cavab verilməyib. Yəni proses hələ də danışıqlar mərhələsindədir. Əgər razılaşma əldə olunarsa, Avropa ölkələrinin qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi mümkün ola bilər. Razılıq olmadan belə bir addımın atılması isə müharibə meydanının genişlənməsi anlamına gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31