Blokadadan çıxış yolu: Paşinyan Azərbaycanla sülhün iqtisadi dividendini anlayır – ÖZƏL

Ermənistan Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan ərazisindən tranzit yükdaşımaların bərpasına və ikitərəfli ticarətə şərait yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, bu addımı regionda sülh və sabitlik üçün mühüm nailiyyət adlandırıb.

"Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti dəfə - bu dəfə Rusiyada Avrasiya İttifaqının tədbiri çərçivəsində - Azərbaycan Prezidentinə tranzit xətlərinin Azərbaycan üzərindən keçidinin təmin edilməsi və Azərbaycandan Ermənistana birbaşa müəyyən məhsulların satışı ilə bağlı təşəkkür etməsi, hesab edirəm ki, 8 avqust Vaşinqton razılaşması istiqamətində hər iki ölkənin gündəliyində sülh mövzusunun önə çəkildiyini göstərir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu, təsadüfi və ya sırf taktiki bir məsələ deyil, eyni zamanda Ermənistan Baş nazirinin dil sürüşməsi kimi də dəyərləndirilə bilməz. Ermənistan tərəfi çox yaxşı anlayır ki, bu gün Azərbaycanla sülh gündəliyinin inkişaf etdirilməsi Ermənistanı təxminən 30 ildir davam edən blokadadan çıxara bilər. Bu isə Ermənistanın regional və qlobal iqtisadi layihələrə qoşulmasına, nəticə etibarilə ölkənin iqtisadi əhəmiyyətinin artmasına gətirib çıxara bilər.

"Bu baxımdan hesab edirəm ki, Ermənistan Baş nazirinin Azərbaycan və Azərbaycan liderinin ünvanına səsləndirdiyi bu fikirlər, Azərbaycanla əldə olunmuş sülh danışıqlarına sadiqliyin və bu istiqamətdə proseslərin davamlı olacağının göstəricisi kimi qiymətləndirilməlidir," - deyə ekspert qeyd edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31