"Paşinyanın təşəkkürü səmimiyyət deyil, reallıqla barışmaqdır"-Politoloqdan açıqlama- ÖZƏL
15:29 SiyasətErmənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Prezident İlham Əliyevə yüklərin Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranzitinin açılması və ikitərəfli ticarətin başlanması üçün şəraitin yaradılmasına görə təşəkkür edib. O, bu qərarın regionda sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Nikol Paşinyanın Prezident İlham Əliyevə açıq şəkildə təşəkkür etməsi və tranzit-ticarət qərarını "ən mühüm nailiyyətlərdən biri" adlandırması Ermənistanın regional siyasətində hansı real dəyişikliklərdən xəbər verir?

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Nikol Paşinyanın Prezident İlham Əliyev haqqında söylədikləri, daha doğrusu ona təşəkkür etməsi və yeni təşəbbüslərin diqqətəlayiq olduğunu bildirməsi Ermənistanın siyasi həyatında yeni baxışların artıq faktiki olaraq hər kəs tərəfindən, xüsusən də hakimiyyət tərəfindən tam şəkildə qəbul edildiyini göstərir. Çünki Ermənistan tərəfi görünən odur ki, anlayır: Azərbaycan və Türkiyə olmadan onun dünya siyasətinə qoşulması, ən əsası isə dünya iqtisadiyyatına inteqrasiyası, regional və müəyyən mənada qlobal miqyasda iştirakçı olması mümkün deyil. İndi Paşinyan iqtidarı dövləti bu mümkünsüzlükdən xilas etməyə, Ermənistan iqtisadiyyatını canlandırmağa, Rusiyanın buradakı dominantlığını müəyyən dərəcədə azaltmağa çalışır. Bu nöqtədə də Azərbaycandan Ermənistan iqtisadiyyatına göstərilə biləcək dəstəyin nə qədər effektiv ola biləcəyini yəqin ki, görürlər. Çünki Azərbaycan nefti və qazı artıq təkcə regional müstəvidə deyil, Avropa bazarlarına qədər uzanan və strateji əhəmiyyətini artıran bir faktora çevrilib. Belə olan halda, Ermənistanın hələ də bütün dünya tərəfindən sanksiyalara məruz qalan İran və Rusiya ilə bağlı vəziyyətdə qalması, istər enerji, istərsə də digər sahələrdə onun özünü xeyli geri salan amillərdən biri idi. Paşinyan da buna görə anlayır ki, əvvəl Azərbaycanla, sonra isə Türkiyə ilə münasibətləri mərhələli şəkildə bərpa etmək dövlətinin gələcəyi üçün daha faydalı olacaq. Ona görə də onlar məcbur qalaraq artıq dövlət siyasətlərinə yeni şəkil verməyə, yəni istiqamət dəyişikliyinə getməyə məcbur olurlar. O, "şovinist dənizdən-dənizə Ermənistan", "Qarabağ bizimdir", "Azərbaycanın yarısı bizimdir" kimi utopik çağırışların və çıxışların onlara nə qədər zərər verdiyini də anlamış kimi görünür. Bu mövqe taktiki mərhələdir, yoxsa sabitliyə aparan yolun başlanğıcı? Əlbəttə ki, erməni riyakarlığı qəbul olunan bir faktdır. Bu gün onların Azərbaycanın diktə etdiyi şərtlərlə razılaşmalarının və Azərbaycanın üstünlüyünü qəbul etmələrinin səbəbi odur ki, faktiki olaraq meydanda məğlub olublar. İqtisadi və siyasi baxımdan Azərbaycanın perspektivləri ilə müqayisə oluna biləcək demək olar ki, heç nə vəd etmirlər və bu xüsusda da artıq Azərbaycanın dominantlığını qəbul etmək məcburiyyətindən başqa çıxış yollarının olmadığını anlayıblar. Ona görə də bu gün biz hadisələrə yanaşarkən bunun səmimi, yoxsa taktiki addım olduğunu məhz bu prizmdən dəyərləndirməliyik. Mən inanmıram ki, Ermənistan tərəfi səmimi şəkildə özlərini bizdən bir addım geri atan layihələrə imza atsın və ya üstünlüyümüzü bu qədər asan qəbul etsin. Onlar sadəcə reallıqlarla barışırlar. Bu isə taktiki addımdır.
Amma bu taktiki addım, prosesə biz yön verdiyimiz və nəzarət Azərbaycanda olduğu üçün, bizə də sərf edir. Biz çalışmalıyıq ki, bundan sonrakı hadisələrdə, həyata keçiriləcək bütün layihələrdə, siyasi gedişlərdə, iqtisadi və tranzit layihələrində elə bir reallıq formalaşdıraq, elə bir üstünlük və dominantlıq quraq ki, Ermənistan tərəfi özünü səmimi göstərmək məcburiyyətində qalsa belə, bizim qoyduğumuz qaydalar və qanunlarla dünya siyasətinə baxsın. Onun dünyaya açılan pəncərəsi ya Azərbaycan, ya da Türkiyə olsun".
Zeynəb Mustafazadə