"Pezeşkianın çıxışı mövcud sistemə dolayı etirazdır" – Elçin Xalidbəylidən ŞƏRH – ÖZƏL
14:49 Siyasətİran Prezidenti Məsud Pezeşkian ölkədəki vəziyyəti "dalan" və "xaos" kimi xarakterizə edən sarsıdıcı bəyanatlarla çıxış edib.
Prezident bildirib ki, yüksək gözləntilərə baxmayaraq, mövcud siyasi sistem dəyişikliklərə imkan vermir və problemlərin kökündə xarici güclər deyil, daxili idarəetmə dayanır. Pezeşkian qonşu ölkələrin İrandan ehtiyat etməsini ciddi siqnal adlandırıb və "Problem bizim içimizdədir" deyərək yalan vədlər dövrünün bitdiyini vurğulayıb. Bu çıxış İranda siyasi sistemin səmərəsizliyinin prezident səviyyəsində ilk açıq etirafı hesab olunur.
"İran prezidenti Məsud Pezeşkian müasir İranın siyasi sistemində ən praqmatik və realist siyasətçilərdən biri kimi diqqət çəkir. O, ölkəsinin problemlərinin gizlədilməsini doğru hesab etmir və buna görə də mümkün qədər açıq məzmunlu mesajlar verməyə üstünlük verir".
.jpg)
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Pezeşkian reallığı həm siyasi dairələrə, həm də İran cəmiyyətinə çatdırmağı vacib sayır. Bu baxımdan onun son açıqlamaları olduqca böyük əhəmiyyət daşıyır. Eyni zamanda, bu açıqlamaları mövcud vəziyyəti yaradan İran siyasi sistemindən duyduğu narazılığın və dolayısı etirazın göstəricisi kimi də qiymətləndirmək olar.
"İran prezidenti demək istəyir ki, problemin mənbəyi daxildədir. Lakin hökumət başçısı olmasına baxmayaraq, bu problemləri aradan qaldıra biləcək addımları atmaq onun üçün kifayət qədər çətindir. Bunun əsas səbəbi İran siyasi sisteminin elə qurulmasıdır ki, prezidentin səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılıb," - deyə ekspert əlavə edib.
E. Xalidbəyli qeyd edib ki, İran dövləti faktiki olaraq ali dini rəhbərlik tərəfindən idarə olunur və bu sistemə SEPAH kimi güclü qurumlar nəzarət edir. Məhz bu səbəbdən hesab etmək olar ki, Pezeşkian artıq məcburiyyət qarşısında qalaraq reallığı açıq şəkildə ifadə etməyə başlayıb. Bununla da həm İran siyasi sisteminə, həm də İran cəmiyyətinə açıq mesaj verir ki, ölkəni mövcud vəziyyətdən çıxarmaq üçün təcili və dərin islahatların aparılması qaçılmazdır.
Əks halda, İran xarici müdaxilələrdən deyil, daxili səbəblərdən qaynaqlanan xaos təhlükəsi ilə üz-üzə qala bilər.
Lamiyə Cəbrayılova