Vardanyanı sevindirən xəbər: Oğlu ilə danışdı, Bakıya qarşı “səfərbərlik” başladı
21:01 SiyasətAzərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan və hazırda Bakıda məhkəməsi davam edən erməni hərbi cinayəkarlardan Ruben Vardanyanın ətrafında beynəlxalq miqyasda gedən proseslər yenidən diqqət mərkəzinə düşüb. Son dövrlərdə Fransa mediası və bu ölkədə fəaliyyət göstərən PR şəbəkələrinin fəallaşması Vardanyanla bağlı informasiya kampaniyasının planlı şəkildə aparıldığını göstərir. Separatizmi açıq və ya dolayı yolla himayə edən dairələrin təşəbbüsü ilə beynəlxalq mediada Vardanyanın "müdafiəsi" qurulur, siyasi və hüquqi məsuliyyət məsələsi manipulyativ narrativlərlə kölgədə saxlanılır.
Xüsusilə Vardanyanın Fransa mənşəli PR şirkəti ilə, o cümlədən oğlu vasitəsilə əlaqə qurması, ona mediada davranış və mesaj ötürülməsi ilə bağlı təlimatlar verməsi bu prosesin təsadüfi deyil, mərkəzləşdirilmiş strategiyanın tərkib hissəsi olduğunu göstərir. Bu, təkcə fərdi müdafiə cəhdi yox, eyni zamanda Azərbaycana qarşı informasiya-siyasi təzyiq mexanizminin işə salınması kimi dəyərləndirilir.
Beynəlxalq arenada formalaşdırılmağa çalışılan bu təhrif olunmuş təsvirin arxasında hansı siyasi məqsədlər dayanır və Fransa bu prosesdə niyə yenidən ön plandadır? Separatçılıqla bağlı məsuliyyət daşıyan bir fiqurun "humanitar obraz" altında təqdim olunması regiondakı real güc balansına və hüquqi proseslərə necə təsir göstərə bilər?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Beynəlxalq mediada Ruben Vardanyan ətrafında formalaşdırılan təhrif olunmuş təsvir təsadüfi deyil və konkret siyasi məqsədlərə xidmət edir:
"Burada əsas hədəf Vardanyanı hüquqi məsuliyyət daşıyan separatçı fiqur kimi deyil, "humanist", "siyasi qurban" obrazında təqdim etməklə onun barəsində aparılan istintaq və məhkəmə prosesini siyasiləşdirməkdir. Bu yanaşma xüsusilə Fransa kimi bəzi Qərb paytaxtlarında Ermənistan yönlü dairələrin maraqları ilə üst-üstə düşür. Parisin regionla bağlı ənənəvi mövqeyi, eləcə də erməni lobbisinin Fransa siyasi və media mühitindəki təsir imkanları Vardanyan mövzusunda bu ölkəni yenidən ön plana çıxarır.
"Humanitar obraz" üzərindən aparılan kampaniya əslində hüquqi müstəvidə cavab verməli olan bir şəxsin məsuliyyətdən yayınmasına zəmin yaratmağa hesablanıb. Bu, həm də beynəlxalq ictimai rəyin manipulyasiyası yolu ilə regiondakı real güc balansını informasiya müstəvisində dəyişmək cəhdidir. Məqsəd Azərbaycanın legitim hüquqi addımlarını şübhə altına almaq, Bakı üzərində siyasi-diplomatik təzyiq formalaşdırmaq və prosesləri ikili standartlar prizmasında təqdim etməkdir.
Bakı üçün bu cür informasiya hücumları yeni deyil, ölkəmiz son illərdə bu tip kampaniyalara qarşı sistemli reaksiya formalaşdırıb. Azərbaycan beynəlxalq hüququn norma və mexanizmlərinə istinad etməklə Vardanyanın fəaliyyətinin mahiyyətini, separatçılıqla bağlı rolunu və məsuliyyətini faktlar üzərindən təqdim edir. Eyni zamanda rəsmi Bakı informasiya müstəvisində də daha aktiv mövqe tutur, xarici media və diplomatik kanallar vasitəsilə alternativ deyil, real və sənədləşdirilmiş narrativ irəli sürür".