2026 seçkiləri ərəfəsində Ermənistan: Aİ-nin dəstəyi, Rusiyanın narazılığı və Paşinyanın siyasi manevrləri- ÖZƏL

Rusiyanın 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə edəcəyi ilə bağlı iddialar güclənir. İrəvan hökumətinin bu məsələ ilə bağlı Avropa İttifaqından yardım istəməsi Moskvanın narazılığına səbəb olub. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Ermənistana əlavə 15 milyon avro ayrılacağını, vəsaitin bir hissəsinin Rusiyadan gələn dezinformasiyaya qarşı mübarizəyə yönəldiləcəyini açıqlayıb. Ermənistan müxalifəti Paşinyanı seçkilər ərəfəsində xarici qüvvələri prosesə cəlb etməkdə ittiham edir, Paşinyan isə müxalifəti sabitliyi pozmaqda günahlandırır. Rusiya Aİ-nin bu addımını açıq şəkildə tənqid edir.


Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 
"Postsovet məkanında Avropa dairələrindən dəstək alan, Qərbə meyillənən ölkələrin təcrübəsinə baxdıqda Moldova, Ukrayna və  Gürcüstan nümunələrində Rusiyaya münasibətlərdə kəskinləşmə, münaqişə və hətta müharibə tendensiyaları müşahidə olunub. Bunun əsas səbəbi həmin ölkələrin Rusiyanın təsir dairəsindən çıxmağa çalışmasıdır. Məhz bu kontekstdə Ermənistan-Rusiya münasibətlərinin zəifləməsi diqqət çəkir. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyəti, bu qurumda fəaliyyətini faktiki olaraq dondurması, toplantılarda iştirak etməməsi, bununla yanaşı, ABŞ-la Ermənistanda keçirilən hərbi təlimlər, ayrılan maliyyə vəsaitləri və göstərilən siyasi dəstək Moskvanın ciddi narazılığına səbəb olur.
Bundan əlavə, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Rusiyaya qarşı sərgilədiyi kəskin mövqe İrəvan-Moskva xəttində etimadı ciddi şəkildə zədələyib. Bu fonda 2026-cı ildə Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkiləri ölkə üçün olduğu qədər, Nikol Paşinyan üçün də olduqca kritik xarakter daşıyır. Çünki xarici müdaxilə riskləri gündəmdədir və bu səbəbdən Qərb, xüsusilə Avropa dairələri Nikol Paşinyana siyasi dəstək verməyə, onu müəyyən mənada qorumağa çalışır.
Həmçinin paralel olaraq  Qərb və Rusiya arasında informasiya qarşıdurması fonunda Qərb N.Paşinyanın rəqiblərini daha çox Rusiyaya meyilli qüvvələr kimi təqdim edir və onları risk faktoru kimi qiymətləndirir. Rusiya isə Ermənistanın Avropadan dəstək istəməsini və Qərbə yaxınlaşmasını ölkə üçün arzuolunan və müsbət proses kimi dəyərləndirmir. Ermənistan isə seçkilərin təhlükəsizliyini təmin etmək və mövqelərini möhkəmləndirmək məqsədilə Avropa İttifaqı ilə siyasi və institusional əlaqələri dərinləşdirir, müəyyən mənada bu dairələrdən açıq və ya dolayısı yardım alır. Nikol Paşinyan seçki ərəfəsində öz legitimliyini gücləndirmək, reytinqini artırmaq və rəqiblərini nüfuzdan salmaq üçün mövcud bütün siyasi resurslardan istifadə etməyə çalışır. Özünü demokratik lider kimi təqdim etməklə müxalifətin etiraz potensialını zəiflətmək və daxili təzyiqlərin qarşısını almağı hədəfləyir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31