Məqsəd təsir rıçaqlarını qorumaqdır: “Rus Evi” ətrafında oyunlar – ÖZƏL
16:33 SiyasətRusiya XİN-in rəsmisi Mixail Kalugin Bakıda "Rus Evi"nin fəaliyyətinin bərpası üçün "qarşılıqlı məqbul həllər" axtardıqlarını bildirib. Azərbaycanın bu məsələdəki mövqeyi bəlli olsa da, Moskva humanitar əməkdaşlıq bəhanəsi ilə mövzunu gündəmdə saxlamağa çalışır.
"Əlbəttə, Rusiya bunu başa düşür və çox yaxşı anlayır ki, Azərbaycanla təhdid dilində danışmağın heç bir mənası yoxdur. Çünki Azərbaycan son beş ildə elə bir geosiyasi aktora çevrilib ki, atdığı addımlar artıq buna imkan vermir. Yəni Azərbaycan nə Ukrayna ilə səhv salınır, nə də zəif hədəf kimi görülür. Ən minimal yanaşma ilə belə baxdıqda, Türkiyə faktorunun özü Rusiya üçün ciddi bir siqnaldır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi bildirib ki, məhz buna görə də ən optimal variant yumşaq gücdən istifadə etməkdir. İngilislərin "soft power" adlandırdığı bu yanaşma, yəni yumşaq güc vasitələri ilə təsir göstərmək, ictimai diplomatiya yolu ilə mövcud təsir imkanlarını qorumaq və ya yenidən qurmaq cəhdidir. Çünki Rusiya artıq müəyyən mənada zəifləməyə doğru gedir və cəmiyyət daxilində də ciddi problemlərlə üzləşir. Son paylaşımlarda, müsahibələrdə, yazılarda və rəsmi açıqlamalarda da hiss olunur ki, Rusiyaya qarşı ictimai aqressiya formalaşıb. Xüsusilə də 25 dekabr 2024-cü ildə Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra bu münasibət daha açıq şəkildə görünür.
Bunu hamı bilir. Ona görə də Rusiyanın niyə bu mövzunu gündəmə gətirdiyini anlamaq çətin deyil, sadəcə olaraq mövqelərini itirmək istəmirlər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan dövlətinin mövqeyi çox aydındır: istənilən dövlət Azərbaycanda öz mədəniyyət mərkəzini yarada və fəaliyyət göstərə bilər. Lakin bu, yalnız bir şərtlə mümkündür, həmin mərkəzlər agentura şəbəkəsinə, yaxud gizli təhsil və təsir mexanizminə çevrilməməlidir.
Əks halda, bu, Azərbaycan dövlətinin milli maraqlarına zidd addım sayılır və nəticədə müvafiq qərarlar qəbul edilir. Artıq bu cür qərarların icraya yönəlməsi də bunun göstəricisidir.
"Təbii ki, bundan sonra da Rusiyadan müxtəlif açıqlamalar gələcək. Bəzən şirin dillə danışacaqlar, bəzən təzyiq ritorikasına keçəcəklər, bəzən isə bu mövzunu gündəmdə saxlamağa çalışacaqlar. Müxtəlif variantlardan istifadə ediləcək, lakin bunların heç biri real nəticə verməyəcək.
Çünki Azərbaycan dövlətinin milli maraqları nəyi tələb edirsə, Azərbaycan dövləti də cənab Prezidentin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq həmin maraqlara əsaslanır. Bu səbəbdən Rusiyadan gələn bu cür açıqlamalar daha çox arzuların ifadəsi kimi dəyərləndirilə bilər. Amma siyasətdə arzular heç vaxt həlledici rol oynamayıb," - deyə ekspert sonda əlavə edib.
Lamiyə Cəbrayılova