Bəhruz Quliyev: “Bu yardım cəbhədə kəskin dönüş yaratmasa da, strateji mənzərəni dəyişəcək” – ÖZƏL
15:58 Siyasət"Almaniya Kansleri Fridrix Mersin Aİ-nin Ukrayna üçün 90 milyard avroluq sıfır faizli kredit paketini "Putinə açıq mesaj" kimi təqdim etməsi, Avropanın artıq tərəddüd mərhələsini geridə qoyduğunu göstərir. Bu, təkcə maliyyə dəstəyi deyil, siyasi iradənin və strateji mövqenin nümayişidir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Bəhruz Quliyev deyib: Hesab edirəm ki, Aİ-nin verdiyi bu kredit paketi Rusiyanı dərhal danışıqlar masasına oturtmaya bilər. Kremlin davranış modelinə baxsaq, Moskva yalnız hərbi-siyasi balans öz əleyhinə dəyişəndə real kompromisə gedir. Ancaq 90 milyard avro Ukraynanın müdafiə imkanlarını uzunmüddətli perspektivdə gücləndirməklə yanaşı, Rusiyanın resurslarını daha da aşındıracaq ciddi təzyiq mexanizmidir.
Ekspert qeyd edib ki, xüsusilə dondurulmuş Rusiya aktivlərinin təzminat ödənilənədək açılmayacağı barədə mesaj, Qərbin hüquqi və maliyyə rıçaqlarını koordinasiyalı şəkildə işə saldığını göstərir. Bu, Moskva üçün təhlükəli presedentdir. Belə çıxır ki, müharibənin qiyməti təkcə cəbhədə deyil, beynəlxalq maliyyə sistemində də ağırlaşır.
"Müharibənin gedişinə gəlincə isə bəllidir ki, hər gün milyonlarla vəsait xərclənir. Bu yardım qısa müddətdə cəbhədə kəskin dönüş yaratmasa da, strateji mənzərəni dəyişə bilər. Ukraynanın davamlı müqavimət qabiliyyəti artır, Rusiya isə zaman amilinin öz xeyrinə işləmədiyini daha aydın görür. Nəticə etibarilə, bu paket müharibəni bitirən deyil, amma Rusiyanı danışıqlara məcbur edə biləcək təzyiq zəncirinin mühüm halqası ola bilər," - deyə, B. Quliyev əlavə edib.
Lamiyə Cəbrayılova