Sülh gündəliyində praktiki addım: Neft ticarəti regionda stabilliyi gücləndirə bilər- ÖZƏL

Azərbaycanla Ermənistan arasında formalaşmaqda olan sülh gündəliyi çərçivəsində iqtisadi əməkdaşlıqda yeni mərhələ başlayıb. Dekabrın 18-dən etibarən Azərbaycandan Ermənistana neft məhsullarının ixracına start verilməsi tərəflər arasında etimadın möhkəmlənməsi baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir. 
Azərbaycandan Ermənistana neft məhsullarının ixracı hər iki ölkə üçün iqtisadi baxımdan hansı real üstünlüklər yarada bilər?Bu tip ticarət əlaqələrinin genişlənməsi regionda uzunmüddətli iqtisadi sabitliyə və investisiya mühitinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı  Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib: 
"Azərbaycandan Ermənistana neft məhsullarının ixracı hər iki tərəf üçün ilk növbədə praktik iqtisadi faydalar yarada bilər. Azərbaycan üçün bu addım satış bazarlarının genişlənməsi, logistika xərclərinin azalması və SOCAR-ın regional mövqelərinin möhkəmlənməsi deməkdir. Coğrafi yaxınlıq ixracın maya dəyərini aşağı salır və məhsulun rəqabət qabiliyyətini artırır. Eyni zamanda, yeni bazara çıxış enerji sektorunda ixracın diversifikasiyasına və gəlirlərin daha sabit mənbələr üzərində qurulmasına şərait yaradır.
Ermənistan baxımından əsas üstünlük enerji təchizatının şaxələndirilməsidir. Yaxın mənbədən alınan neft məhsulları nəqliyyat və vasitəçi xərclərini azalda, daxili bazarda qiymətlərin daha sabit formalaşmasına kömək edə bilər. Enerji xərclərinin azalması isə iqtisadiyyatın digər sahələrinə, xüsusilə nəqliyyat, kənd təsərrüfatı və sənaye sektorlarına dolayı müsbət təsir göstərə bilər. Bundan əlavə, strateji sahədə ticarət əlaqələrinin qurulması bazar institutlarına əsaslanan qarşılıqlı etimadın formalaşmasına xidmət edir.
Bu cür ticarət əlaqələrinin genişlənməsi regionda uzunmüddətli iqtisadi sabitliyə də müsbət təsir göstərə bilər. Qarşılıqlı iqtisadi asılılığın artması tərəflər üçün gərginliyin yenidən artmasının iqtisadi dəyərini yüksəldir və riskləri azaldır. Real iqtisadi əməkdaşlıq sülh gündəliyini kağız üzərindəki razılaşmalardan praktik mexanizmlərə keçirir.
Eyni zamanda, belə proseslər investisiya mühitinin yaxşılaşmasına zəmin yaradır. Siyasi risklərin azalması və regional əməkdaşlıq nümunələrinin formalaşması xarici investorlar üçün Cənubi Qafqazı daha cəlbedici edir. Enerji, logistika və ticarət infrastrukturu sahələrində yeni layihələrin gündəmə gəlməsi mümkün olur. Nəticə etibarilə, bu tip iqtisadi əlaqələr yalnız iki ölkə arasında deyil, bütövlükdə regionda post-münaqişə dövrü üçün daha dayanıqlı və proqnozlaşdırılan inkişaf mühitinin formalaşmasına töhfə verə bilər". 

Zeynəb Musatafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31