Amnistiya təşəbbüsü növbəti hümanist addımdır- ÖZƏL

"Azərbaycan Prezidentinin "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan olunması təşəbbüsü növbəti hümanist addımdır. Sözsüz ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Məhz ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam təmin edildi." "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Konstitusiya və Suverenlik İli" kontekstində amnistiya təşəbbüsü eyni zamanda hüquqi dövlətçilik və humanizm vəhdətidir. Azərbaycan Prezidentinin "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan olunması təşəbbüsü ölkədə hüquqi dövlətçilik prinsiplərinə sadiqliyin, insan hüquqlarına hörmətin və cəmiyyətin sosial-humanist dəyərlər üzərində inkişafının bariz nümunəsidir. Bu addım yalnız hüquqi mexanizm kimi deyil, həm də dövlətin vətəndaşlarına münasibətində mərhəmət, ədalət və sosial məsuliyyət anlayışlarının ön planda tutulduğunu göstərən siyasi-hüquqi hadisə kimi qiymətləndirilməlidir.
Sözsüz ki, amnistiyanın hüquqi və konstitusion mahiyyəti olduqca böyükdür. Amnistiya institutu Azərbaycan Respublikasının Konstitusiyasında və müvafiq qanunvericilik aktlarında təsbit olunmuş hüquqi mexanizmdir. Onun tətbiqi dövlətin cəza siyasətində diferensial və humanist yanaşmanın mövcudluğunu nümayiş etdirir. "Konstitusiya və Suverenlik İli" çərçivəsində bu təşəbbüsün irəli sürülməsi xüsusi rəmzi məna daşıyır. Konstitusiya ölkədə hüquq və azadlıqların təminatçısı olduğu kimi, suverenlik anlayışı da dövlətin müstəqil qərarvermə iradəsini ifadə edir. Amnistiya məhz bu iki fundamental anlayışın vəhdətində - güclü, lakin mərhəmətli dövlət modelinin təzahürü kimi çıxış edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31