Milli Məclis etiraz bəyanatı qəbul etdi
12:14 SiyasətMilli Məclis Avropa Parlamentinin qərarına etiraz olaraq bəyanat qəbul edib. "Olaylar"ın məlumatına görə, Spiker Sahibə Qafarova qeyd edib ki, Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib.
Etiraz bəyanatını deputat Şahin İsmayılov oxuyub.
Xatırladaq ki, Milli Məclisin bügünkü iclasında Avropa Parlamenti ilə bağlı "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında" məsələyə baxılıb.
Bəyanatda deyilir:
"Azərbaycan Milli Məclisi Avropa Parlamentinin qətnaməsini şiddətlə qınayır və qəti etirazını bildirir. Bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə müdaxilə üçün göstərilən növbəti cəhddir. Avropa Parlamenti insan hüquqları kimi önəmli mövzudan öz təxribatçı niyyətləri üçün istifadəyə davam edir. Torpaqlarımızın işğal altında qalmasına, 1 milyona qaçqın və məcburi köçkünün hüquqlarına daim etinasız qalmış Avropa Parlamenti Azərbaycan əleyhinə 10-dan artıq rüsvayçı bəyanat qəbul edib.
Avropa Parlamentində qətnamələr konkret maraq qrupları tərəfindən qəbul edilir. Bu, Avropa Parlamentinin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir. Qəbul edilən qətnamə Avropa Parlamentinin əsl mahiyyətini, real niyyətini ifşa edir. Korrupsiya və rüşvətxorluğun Avropa Parlamentində dərin kök saldığını göstərən faktlar ifşası olunub.
Avropa Parlamenti islamafob və türkəfob meyllərin aşkar hiss olunduğu platformaya çevrilib. Avropa Parlamentinin bu qətnaməsi genişmiqyaslı planın tərkib hissəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev müharibədə qalib gəldiyi kimi sülhü də qazanıb. İndi isə bəlli olur ki, 8 avqust tarixində keçirilən Vaşinqton sammitində Azərbaycan və Ermənistan arasında əldə edilən irəliləyişlər bir sıra qrupların maraqlarına cavab vermir".