Şakir Ağayev: Amnistiya aktı Prezident İlham Əliyevin humanist siyasətinin bariz nümunəsidir – ÖZƏL
17:53 Siyasət"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qanunun verdiyi səlahiyyətlər çərçivəsində böyük humanizm nümayiş etdirərək genişmiqyaslı amnistiya aktı ilə bağlı Milli Məclisə müraciət edib və bu məsələ artıq parlamentdə müzakirə olunur. Bu, Azərbaycan dövlət başçısının atdığı son dərəcə mühüm və humanist addımlardan biridir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti öz fəaliyyəti dövründə dəfələrlə əfv fərmanları imzalayıb. Prezidentliyi dövründə bundan əvvəl də amnistiya aktları qəbul olunub. Səhv etmirəmsə, əvvəlki amnistiya aktları təxminən 17 min nəfəri əhatə etmişdi ki, bu da Azərbaycan tarixində ən genişmiqyaslı humanist addımlardan biri hesab olunur. Hazırda müzakirə edilən amnistiya aktının isə təxminən 20 min nəfəri əhatə edəcəyi bildirilir ki, bu da indiyə qədər ən yüksək göstəricilərdən biridir.
Ekspert qeyd edib ki, bu fakt bir daha sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti hətta cinayət törətmiş şəxslərə qarşı da yüksək humanizm nümayiş etdirir və cəmiyyətə yenidən inteqrasiya imkanları yaradır. Bu, son dərəcə vacib və dəyərli yanaşmadır.
Təbii ki, arzu edirik ki, bu amnistiya aktına düşən şəxslər bundan sonra cəmiyyət üçün faydalı vətəndaşlara çevrilsinlər, dövlətin və cəmiyyətin onlara göstərdiyi bu etimadı doğrultsunlar. Bu addım cəmiyyətdə sosial barışın möhkəmlənməsinə, fikir ayrılıqlarının azalmasına və hüququn humanist şəkildə təmin olunmasına mühüm töhfə verəcək.
"Eyni zamanda, bu qərar bütün dünyaya Azərbaycan Prezidentinin necə humanist siyasət yürütməsinin bariz nümunəsidir. Azərbaycanı haqsız və ikili standartlarla ittiham edən bəzi beynəlxalq qurumlara da bu amnistiya aktı çox tutarlı və əsaslı cavab olacaq. Bundan başqa, Yeni il ərəfəsində bu qərar minlərlə ailə üçün, eləcə də bütövlükdə Azərbaycan cəmiyyəti üçün çox böyük bir hədiyyə və mənəvi töhfədir.
Əlbəttə, arzu edərdik ki, ümumiyyətlə cinayətlərin sayı azalsın və dövlət başçısı əfv və amnistiya kimi humanist addımlara daha az ehtiyac duysun. Lakin cəmiyyət mövcud olduğu müddətdə belə hallar da qaçılmazdır. Bu baxımdan hesab edirik ki, bu təşəbbüs və bu humanist addım Azərbaycan cəmiyyəti tərəfindən çox yüksək qiymətləndiriləcək," - deyə Ş. Ağayev sonda vurğulayıb.
Lamiyə Cəbrayılova