Zəngəzur dəhlizində ortaq maraqlar: Moskva və Tehranı nə birləşdirir? – ÖZƏL
17:33 Siyasət"İranla Rusiya arasında imzalanmış sənəd hərbi ittifaq xarakteri daşımır. Bu, NATO tipli bir müqavilə deyil, sadəcə tərəfdaşlıq haqqında sazişdir. Müqavilə çərçivəsində əsasən diplomatik və siyasi dəstək nəzərdə tutulur, hərbi müdaxilə və ya birbaşa hərbi yardım öhdəliyi mövcud deyil. Yəni bu sənədin mahiyyəti ondan ibarət deyil ki, əgər İran və ya Rusiyadan birində müharibə başlayarsa, digər tərəf avtomatik şəkildə müdaxilə edərək hərbi yardım göstərsin. Belə bir mexanizm yoxdur. Bu, əsasən siyasi motivlər üzərində qurulmuş tərəfdaşlıqdır və tərəflər bir-birinə daha çox diplomatik və siyasi müstəvidə dəstək verirlər".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Zəngəzur dəhlizi məsələsi İranla Rusiya arasında ortaq mövqe təşkil edən əsas məsələlərdən biridir. Çünki nə İran, nə də Rusiya bu dəhlizin Ermənistan üzərindən tam şəkildə açılmasını birmənalı olaraq dəstəkləmir. Eyni zamanda, "Tramp yolu" layihəsinin həmin ərazidə tam şəkildə reallaşmasına da hər iki ölkə ehtiyatla və daha çox mənfi yanaşır.
Burada həm Rusiyanın, həm də İranın özünəməxsus maraqları var. Bu mövqe, ilk növbədə, onların ABŞ-yə qarşı ümumi siyasi yanaşmasından irəli gəlir. Həm Rusiya, həm də İran regionda, o cümlədən Ermənistan ərazisində ABŞ-yə bağlı və ya Qərb təsirində olan hər hansı hərbi və ya siyasi gücün möhkəmlənməsini istəmir.
Ekspert qeyd edib ki, eyni zamanda, Ermənistan həm Rusiya, həm də İran üçün strateji əhəmiyyətə malik ölkədir. Hər iki dövlət Ermənistan üzərindən logistika və kommunikasiya baxımından müəyyən nəzarət imkanlarına malikdir. Rusiya isə Ermənistanı daha çox özünün geosiyasi dayaq nöqtəsi kimi gördüyünə görə, onu tam şəkildə Qərbin təsir dairəsinə keçirməyə də maraqlı deyil. Məhz buna görə də hazırkı mərhələdə Zəngəzur dəhlizi və ümumilikdə "Tramp yolu" layihəsi İranla Rusiyanın regionda güc balansını qorumaq istədiyi strateji nöqtələrdən biri hesab olunur. Hər iki ölkə bu məsələdə mövqelərini və təsir imkanlarını itirmək niyyətində deyil.
"İsrail məsələsinə gəldikdə isə, Rusiya nə İsraillə, nə də İranla birbaşa hərbi qarşıdurmaya girmək niyyətindədir. Rusiyanın mövqeyi daha çox BMT müstəvisində İsrailin siyasətinə qarşı siyasi mövqe ifadə etməkdən ibarətdir. Lavrovun çıxışlarında da bu açıq şəkildə hiss olunur. Rusiya tərəfindən İsrailə qarşı hər hansı bir hərbi münaqişə planlaşdırılmır.
Rusiya, İrana müəyyən siyasi dəstək göstərməklə əslində mesaj verir ki, İran bu mövqedə tək deyil və onu geosiyasi baxımdan tam təcrid etmək, vəziyyəti daha da gərginləşdirmək məqsədəuyğun deyil. Verilən mesajın əsas mahiyyəti bundan ibarətdir. Yəni nə Rusiya, nə də İran hazırkı mərhələdə ikinci bir müharibəyə başlamaq niyyətindədir. Bu, Rusiyanın rəsmi mövqeyidir və Moskva bunu dəfələrlə açıq şəkildə bəyan edib. Çünki mövcud şəraitdə Rusiyanın ikinci bir cəbhədə müharibə aparmağa nə ehtiyacı var, nə də belə bir planı mövcuddur," - deyə siyasi şərhçi vurğulayıb.
Lamiyə Cəbrayılova