Ermənistanda demoqrafik tənəzzül: Miqrasiya və ağır sosial-iqtisadi şərait - ÖZƏL

"Ümumilikdə götürdükdə, Ermənistanın əhalisi getdikcə azalır və bu prosesin davam edəcəyi də gözləniləndir. Qeyd edim ki, SSRİ dağılan zaman Ermənistanın əhalisi 3 milyondan çox idi. Hazırda isə bu rəqəm 2,7 milyona enib. Yəni, təxminən 35 ilə yaxın müddət ərzində kifayət qədər ciddi azalma müşahidə olunur."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Bundan əlavə, Ermənistanda həyat şəraiti real olaraq ağırdır. Ölkə əsasən dağlıq ərazidə yerləşir, hər yerdə kənd təsərrüfatı üçün yararlı torpaqlar yoxdur. Zavod və fabriklərin böyük əksəriyyəti fəaliyyət göstərmir, ölkə faktiki olaraq regionda qapalı vəziyyətdədir və dünyaya çıxış imkanları məhduddur. Bu səbəbdən insanlar orada demək olar ki, boğulmuş vəziyyətdə yaşayırlar.

Məhz buna görə də imkanı olan ermənilər uzun illərdir ölkəni tərk ediblər və bu proses hazırda da davam edir. Hətta ermənilərin öz aralarında bu vəziyyəti əks etdirən lətifəvari bir deyim də var. Deyirlər ki, erməninin əsas hədəfi birtərəfli bilet üçün pul qazanmaqdır. Yəni, həmin pulu əldə edən kimi ölkədən birdəfəlik çıxıb gedir.

O cümlədən, sərhədyanı kəndlərdə də vəziyyət oxşardır. Əvvəllər həmin ərazilərdə yaşayanlar Azərbaycan torpaqlarından talan yolu ilə dolanmağa çalışıblar. İndi isə görürlər ki, artıq bu imkanlar da qalmayıb, dövlət tərəfindən ciddi dəstək yoxdur. Dağın-daşın içində, məhdud şəraitdə nə qədər yaşamaq olar ki? Nəticədə insanlar əvvəlcə böyük şəhərlərə köçür, oradan da ölkə xaricinə üz tuturlar. Beləliklə, Ermənistan əhalisinin azalması prosesi davam edir.

Bəs bu, bizim üçün problemdirmi? Xeyr, deyil. Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistan nə qədər tez sülhə gəlsə və sülh müqaviləsi nə qədər tez imzalansa, bir o qədər yaxşı olar. Bu halda Ermənistan heç olmasa mövcud əhalisini qismən də olsa saxlaya bilər. Saxlaya bilməsə belə, bu, bir daha qeyd edirəm ki, bizim üçün problem deyil.

Çünki Ermənistanın daxilində nə baş verdiyi Azərbaycan üçün narahatlıq doğurmur və doğurmamalıdır. Azərbaycan bundan əsla narahat deyil və olmamalıdır."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31