Suveren dövlətin barışıq əli: Genişmiqyaslı amnistiyanın strateji mesajı- ÖZƏL
17:04 Siyasət"Prezident İlham Əliyevin ölkənin suverenliyinin tam bərpası və Konstitusiyanın bütün ərazilərimizdə tətbiqi fonunda irəli sürdüyü genişmiqyaslı amnistiya təşəbbüsü Azərbaycanın müasir dövlətçilik tarixində sadəcə hüquqi bir akt deyil, həm də dərin siyasi və mənəvi mahiyyət daşıyan strateji addımdır. Bu təşəbbüsü "Konstitusiya və Suverenlik İli" çərçivəsində dövlətin öz vətəndaşına olan ali münasibətinin, milli birliyin və qələbədən doğan özünəinamın təzahürü kimi qiymətləndirmək olar".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
"Azərbaycanın 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları ilə öz ərazi bütövlüyünü bərpa etməsi dövlətimizi yeni bir inkişaf mərhələsinə çıxarıb. Güclü dövlət həm də bağışlamağı bacaran dövlətdir. Bu amnistiya layihəsi dövlətin öz gücünə və xalqının sarsılmaz birliyinə olan etimadının göstəricisidir. Xüsusilə müharibə iştirakçılarını, şəhid və itkin yaxınlarını, eləcə də mülki təxribatlar zamanı zərərçəkənləri əhatə etməsi dövlətin öz qəhrəmanlarına və onların ailələrinə qarşı duyduğu mənəvi borcun hüquqi müstəvidə ifadəsidir. Bu yanaşma göstərir ki, Azərbaycan dövləti üçün qanunun aliliyi qədər, insanın dəyəri və onun cəmiyyətə yenidən qazandırılması da mühüm prioritetdir. 20 mindən çox şəxsi əhatə edəcək bu layihə, əslində 20 min ailənin sevincinə, minlərlə insanın həyata yeni bir baxışla qayıtmasına vəsilə olacaqdır. Bu, sadəcə bir lütf deyil, suveren dövlətin öz vətəndaşına uzatdığı "barışıq əli"dir.
Genişmiqyaslı amnistiya qərarı cəmiyyətdə sosial barışın ən effektiv mexanizmlərindən biridir. Səhv etmiş, lakin islah olunma potensialı olan şəxslərin bağışlanması onların cəmiyyətə reinteqrasiyasını sürətləndirir. Bu, cinayətkarlıqla mübarizədə yalnız cəza metoduna deyil, həm də islah və humanizm prinsiplərinə üstünlük verildiyini sübut edir. Qadınların, yaşlıların və yetkinlik yaşına çatmayanların bu prosesdə xüsusi yer alması Azərbaycan ailə institutuna verilən dəyəri və gələcək nəsillərə qarşı məsuliyyəti nümayiş etdirir. Bu cür addımlar cəmiyyətdəki "cəza çəkməmiş şəxs" və "məhkum" arasındakı görünməz divarları aradan qaldırır, ictimai həmrəyliyi sementləyir. İnsanlar hiss edir ki, dövlət onların arxasındadır və ən çətin məqamlarda belə yeni bir şans verməyə hazırdır. Bu amnistiya müstəqillik dövrünün ən böyük humanitar aksiyası kimi tarixə düşməklə yanaşı, Azərbaycanın demokratik-hüquqi dövlət modelini daha da təkmilləşdirir. Suverenliyin bərpası ilə qazanılan hərbi və siyasi zəfər, bu amnistiya ilə mənəvi zəfərə çevrilir. Dövlət başçısının bu təşəbbüsü xalqın dövlətə olan bağlılığını artıracaq, hüquq sistemindəki humanizm prinsiplərini bir doktrina halına gətirəcəkdir. Bu, sadəcə minlərlə insanın azadlığına qovuşması deyil, Azərbaycanın suveren gücünün birliyimizdə və mərhəmətimizdə olduğunun rəsmi bəyanıdır".
Zeynəb Mustafazadə