İranın ciddi narahatlığı: Azərbaycan amilinin güclənməsi - ÖZƏL

"İrandan bu cür yanaşmaların nümayiş etdirilməsi ilk dəfə deyil. Biz artıq buna bələdik və müəyyən mənada öyrəşmişik. Bilirik ki, İranın bu tip davranışları istənilən vaxt, istənilən şəraitdə ortaya çıxa bilər. Buna görə də bu cür addımlar bizim üçün gözlənilməz deyil."

Bu fikirləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov Olaylar.az-a açıqlamasında bildirib:

"İrandan nə gözləmək olar ki? Əsasən dezinformasiyalar, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları. Bu yanaşmanın səbəbləri də aydındır. İranda Azərbaycana qarşı həm qısqanclıq, həm də ciddi bir qorxu mövcuddur. Xüsusilə Azərbaycan amilinin güclənməsi İranı narahat edir. Azərbaycanın artan siyasi, hərbi və regional təsiri İran tərəfindən təhlükə kimi qəbul olunur.

İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Azərbaycanın həyata keçirdiyi balanslı və prinsipial xarici siyasət də İranda ciddi narahatlıq doğurur. Məhz bu səbəbdən Tehranın davranışları dərin siyasi və psixoloji faktorlar prizmasından qiymətləndirilməlidir. Burada əsas motivlər qorxu və qısqanclıqdır.

Təbii ki, bu, bizim üçün arzuolunan bir vəziyyət deyil. Lakin İranın daxili narahatlığı və regiondakı proseslərdən duyduğu qorxu özünü məhz bu cür ifadə edir. Bu günə qədər İrandan səsləndirilən fikirlər, yayılan yazılar və aparılan müzakirələr də mahiyyət etibarilə eyni ideoloji mərkəzdən qaynaqlanır.

İranda hər hansı bir siyasi mövqenin, xüsusilə də Azərbaycanla bağlı açıqlamaların, ali ideoloji rəhbərliyin razılığı olmadan səsləndirilməsi mümkün deyil. Bu baxımdan, İranın rəsmi və yarı-rəsmi dairələrində Azərbaycana qarşı açıq və ya gizli antipatiyanın mövcudluğu artıq aşkar şəkildə özünü göstərir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31