“Bu yolun açılması kənar güclərin münaqişə yaratmaq imkanlarını məhdudlaşdıracaq” – Əli Mustafa – ÖZƏL
16:34 SiyasətErmənistanın İrandakı səfiri Qriqor Akopyanın "Təsnim" agentliyinə verdiyi son açıqlamalar regionda yeni nəqliyyat erasının başlandığına işarə edir. Səfir rəsmi İrəvanın "Tramp yolu" layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistanı birləşdirəcək vahid dəmir yolu şəbəkəsinin qurulmasında maraqlı olduğunu bəyan edib.
_(1).jpg)
Mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi ekspert Əli Mustafa bildirib ki, "Tramp yolu" layihəsi reallaşacağı təqdirdə Cənubi Qafqazda sabitliyi və təhlükəsizlik məsələlərini kifayət qədər ciddi şəkildə gücləndirə bilər. Belə ki, bu layihə həyata keçirilərsə, bölgəyə təsir etmək, müdaxilə etmək və hər hansı münaqişəyə cəlb olunmaq riskləri xeyli azalacaq. Çünki ticarət yolları, bir qayda olaraq, böyük güclərin nəzarəti və himayəsi altında olur.
Bu baxımdan, yol açılana qədər müəyyən risklər mövcuddur. Lakin yol istifadəyə verildikdən sonra bu risklər kəskin şəkildə azalır. Digər tərəfdən, bu yolun açılması bölgədə qüvvələr balansına da təsir göstərir. Artıq Cənubi Qafqazda Türkiyənin, eyni zamanda Qərbin və Çinin təsir və nüfuzu artır, Rusiya və İranın təsiri isə nisbətən azalır.
Ekspert qeyd edib ki, bu yolun açılması Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır. Naxçıvanla birbaşa və qısa yol əlaqəsi yaranır, muxtar respublika faktiki blokadadan çıxır. Eyni zamanda, Türkiyə və Avropaya daha qısa və daha az xərcli çıxış əldə olunur. Bu da təbii ki, Azərbaycanın üçtərəfli əməkdaşlıq formatlarının güclənməsinə ciddi təsir edir.
Digər tərəfdən, İran və Rusiyanın regionda öz maraqları naminə həyata keçirdikləri siyasi manevr imkanları müəyyən qədər məhdudlaşır. Ümumilikdə isə bu yolun açılması region dövlətləri arasında kommunikasiyanı və inteqrasiyanı istər-istəməz gücləndirir. Artıq rəqib və ya qarşıdurma vəziyyətində olan ölkələr, ən azı Azərbaycan və Ermənistan, əməkdaşlıq etməyə məcbur qalırlar.
Bu ticarət yolu dövlətlər üçün böyük iqtisadi və siyasi faydalar vəd edir. Məhz buna görə də tərəflər dinc yanaşı yaşamağın, mehriban qonşuluq münasibətlərinə üstünlük verməyin daha əhəmiyyətli olduğunu anlayırlar. Bu isə eyni zamanda kənar güclərin bölgədə yeni münaqişələr yaratmaq imkanlarını da ciddi şəkildə məhdudlaşdırır.
"Burada Gürcüstanla bağlı müəyyən narahatlıqlar mövcuddur. Çünki yol açıldıqdan sonra Gürcüstan ərazisindən keçən yüklərin həcminin azalması riski yaranır. Lakin bu məsələ ölkələr arasında razılaşdırılarsa, Gürcüstanın narazı qalması üçün ciddi əsas olmaz. Belə ki, marşrutun bir hissəsi Zəngəzurdan, digər hissəsi isə Gürcüstan üzərindən keçə bilər və bu proses koordinasiyalı şəkildə həyata keçirilə bilər.
Əgər üç ölkə qarşılıqlı anlaşma, uzlaşma və dostluq şəraitində birgə hərəkət edərsə, bu məsələlərin hamısını yoluna qoymaq mümkündür. Ümumilikdə isə bu yolun fəaliyyəti regionda Azərbaycanın strateji mövqeyini daha da gücləndirir. Nəticədə regionun bütün əsas aktorları həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə Azərbaycanla hesablaşmalı olurlar," - deyə siyasi şərhçi vurğulayıb.
Ekspertin fikrincə, bu nəqliyyat yolunun və Zəngəzur dəhlizinin açılması həm Azərbaycan, həm regionun digər dövlətləri üçün son dərəcə faydalı və sərfəlidir. Bu layihə Gürcüstan üçün də əhəmiyyətlidir və hətta onun tranzit üstünlüklərinin qorunması baxımından alternativ mexanizm kimi qiymətləndirilə bilər.
Lamiyə Cəbrayılova