Oqtay Qasımov: “Zəngəzur dəhlizi ilə bağlı Moskva və Tehranın narahatlığı prosesdən kənarda qalmaq qorxusudur”- ÖZƏL

Son günlər Rusiya və İran Zəngəzur dəhlizinə qarşı olduqları barədə siqnallar ötürürlər. Bundan başqa, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva hər zaman İranı və onun qanuni haqlarını dəstəkləyəcək: "Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi mövcuddur. Biz daim İranı və onun qanuni haqlarını müdafiə edəcəyik".

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 

" Açıqlamalara bir neçə aspektdən baxmaq lazımdır. Həm İran, həm Rusiya tərəfindən son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı müxtəlif bəyanatlar eşidirik. Bu bəyanatların əsas səbəbi ondan ibarətdir ki, 8 avqustda əldə olunmuş razılaşmadan sonra İran və Rusiya prosesdən kənar qaldılar və bir formada bu prosesdə iştirak etməyə çalışırlar. Ona görə də son dövrlər bu istiqamətdə səslənən bəyanatlar diqqət çəkir. Lavrovun İran və Rusiya arasında imzalanmış strateji tərəfdaşlıq anlaşmasına gəldikdə isə, burada bir çox istiqamətlər öz əksini tapır, amma təhlükəsizlik və müdafiə ilə bağlı konkret öhdəliklər nəzərdə tutulmayıb. Məhz bu səbəbdən 12 günlük İsrail-İran savaşında  Rusiyanın mövqeyini müşahidə etdik. Rusiya əslində İrana dəstək  və bəyanatlar verərək, İran da 12 günlük savaşdan sonra Rusiyaya yönəlmiş tənqidlərin təsirini azaltmaq, münasibətləri normallaşdırmaq və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu göstərmək istəyir. Eyni zamanda, İranı öz yanında saxlamaq niyyətindədir.
Amma düşünürəm ki, qarşıdakı dövrlərdə İsrail və İran arasında hansısa toqquşma baş verərsə, Rusiya yenə də bir formada neytral mövqedə qalacaq və İsrailə qarşı açıq addım atmaqdan çəkinəcək. Bu baxımdan, Lavrovun bəyanatını həm də o aspektdən dəyərləndirmək lazımdır ki, hazırda  ABŞ və Rusiya arasında aktiv dialoq mövcuddur. Bu müzakirələrdə əsas mövzu Ukrayna olsa da, digər məsələlərin, o cümlədən İranın da müzakirə olunduğu məlumdur. Donald Trampın İranla bağlı mövqeləri kifayət qədər sərtdir. Amerika Birləşmiş Ştatları bu açıqlamalarla öz mövqeyinin sərt olduğunu göstərməyə çalışır. Lavrov isə bu bəyanatla həm İran ictimaiyyətinə mesaj verir ki, Rusiya onların tərəfindədir və hüquqlarını müdafiə edəcək. Eyni zamanda ABŞ-a da göstərir ki, Rusiya ilə İran arasında fəal dialoq mövcuddur, yaxın tərəfdaşlıq anlaşmaları var və Rusiya İrana qırıcı təyyarələrin göndərilməsini təmin edir. Gələcək mövzularda isə Rusiya İran mövzusu üzərindən həm vasitəçilik edə biləcəyini, həm də ABŞ-la danışıqlarda müəyyən dividendlər əldə edə biləcəyini nümayiş etdirir.
Yəni Rusiyanın marağı məhz bundan ibarətdir. Bir daha qeyd edirəm, İsrail ilə hansısa qarşıdurmada Rusiyanın ciddi mövqe sərgiləyəcəyini düşünmürəm". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31