Tehran–Vaşinqton xəttində gərginlik: "Alçaldıcı şərtlər" dialoqu niyə iflasa uğratdı? – ÖZƏL
16:03 Siyasət"İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə danışıqlarla bağlı son açıqlaması Tehran-Vaşinqton xəttində gərginliyin hələ uzun müddət davam edəcəyini göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, prezidentin "alçaldıcı şərtlər" ifadəsi təkcə emosional reaksiya deyil, İranın hazırkı mərhələdə ABŞ-dən gələn təklifləri niyə qəbul etmədiyini izah edən siyasi mövqedir.
Pezeşkianın sözlərinə görə, İran müharibədən əvvəl ABŞ ilə danışıqlara açıq idi və müəyyən razılaşma perspektivi mövcud idi. Lakin ABŞ-nin hərbi eskalasiyaya getməsi bu prosesi faktiki olaraq iflasa uğratdı. Hazırda isə Vaşinqtonun danışıqların bərpası üçün irəli sürdüyü şərtlər Tehranın baxışına görə, bərabərhüquqlu dialoq yox, məğlub tərəfə diktə xarakteri daşıyır.
"Prezidentin "alçaldıcı şərtlər" dedikdə əsasən bir neçə məsələni nəzərdə tutduğu ehtimal olunur. Bunlara İranın nüvə proqramı ilə bağlı birtərəfli və geridönməz öhdəliklər götürməsi, sanksiyaların mərhələli deyil, qeyri-müəyyən formada saxlanılması, eləcə də İranın regional siyasətinin ciddi şəkildə məhdudlaşdırılması daxildir. Tehran bu tələbləri suverenliyə və dövlət ləyaqətinə zidd sayır və onları danışıqlar masasında qəbul edilə bilən kompromis yox, siyasi təzyiq kimi qiymətləndirir," - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, ABŞ tərəfinə gəldikdə isə, Donald Trampın mümkün danışıqlarda güzəştə gedib-getməyəcəyi sualı hələ də açıq qalır. Tramp üçün İran mövzusu təkcə xarici siyasət məsələsi deyil, həm də daxili auditoriyaya yönəlik siyasi alətdir. O, əvvəlki təcrübəsində də razılaşmaları "güc dili" ilə təqdim etməyə üstünlük verib. Bu baxımdan Vaşinqtonun əsas şərtlərdən geri çəkilməsi ehtimalı zəif görünür. Daha real ssenari ondan ibarətdir ki, ABŞ yalnız taktiki və simvolik güzəştlərlə kifayətlənə, lakin strateji xəttini dəyişməsin.
Mövcud vəziyyətdə İran və ABŞ arasında tammiqyaslı danışıqların bərpası real görünmür. Bununla belə, tərəflər arasında dolayı təmasların - xüsusilə Avropa ölkələri, Oman və ya Qətər kimi vasitəçilər üzərindən - davam etməsi mümkündür. Bu kanallar daha çox gərginliyin nəzarətdən çıxmaması və mümkün hərbi toqquşmaların qarşısının alınması məqsədi daşıyır.
"Nəticə etibarilə, Pezeşkianın açıqlaması İranın mövqeyini aydın şəkildə ortaya qoyur: Tehran yalnız qarşılıqlı hörmət və bərabər şərtlər əsasında danışıqlara qayıtmağa hazırdır. ABŞ isə hələlik təzyiq siyasətini əsas vasitə kimi saxlayır. Bu ziddiyyət aradan qalxmadıqca, İran-ABŞ münasibətlərində ciddi yumşalma və ya genişmiqyaslı razılaşma yaxın perspektivdə real görünmür," - deyə ekspert vurğulayıb.
Lamiyə Cəbrayılova