İran-ABŞ münasibətləri: Alçaldıcı şərtlər və mümkün dialoq perspektivləri- ÖZƏL
15:05 Siyasətİran Prezidenti Məsud Pezeşkian ABŞ-nin danışıqlar üçün irəli sürdüyü şərtləri qəbul etmədiklərini bəyan edib. Onun sözlərinə görə, Tehran və Vaşinqton arasında danışıqlar aparılırdı və İran razılaşmaya hazır idi. Lakin ABŞ-nin müharibəyə başlaması bu prosesi pozdu. Pezeşkian bildirib ki, hazırda Amerika tərəfi danışıqların bərpası üçün alçaldıcı şərtlər irəli sürür və o, şəxsən bu cür şərtləri qəbul etməyə hazır deyil.
.jpg)
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Pezeşkianın nəzərdə tutduğu alçaldıcı təkliflər mənə elə gəlir ki, ondan ibarətdir ki, bir ölkənin istənilən anda başqa ölkəyə şərtlər diktə etməsi və onu öz qayda-qanunlarına, daha doğrusu, öz diktə etdiyi şərtlərə razı salması qəbuledilməzdir. Pezeşkian da alçaldıcı şərtlər deyəndə məhz bunu nəzərdə tutur və təbii ki, İran tərəfi də müstəqil siyasət xətti yeridərək buna qarşı çıxıb. İndi ona görə də Pezeşkian boyun əymədikləri bu şərtlər haqqında danışarkən, rahatlıqla özlərini ABŞ tərəfindən diktə edilmiş hansısa şərtlərdən uzaq qaçan və buna boyun əyməyən bir tərəf kimi göstərir. O ki qaldı Trampın danışıqlardakı güzəştlərə getməsi məsələsinə, mənə elə gəlir ki, indi Amerika prezidentinin İrana güzəştlərə getməsi üçün o qədər çətin məqam yoxdur. Çünki yaxın şərtlərdə İsrail kimi tərəfdaşlarla ABŞ regionun siyasi həyatına rahatlıqla qarışa bilir və hadisələrə yön verə bilir. Üstəlik, regionun digər böyük dövləti Türkiyə ilə ABŞ-nin münasibətlərinin yaxşı olması və müttəfiq əlaqələrə sahib olmaları da ABŞ-nin yaxın şərt siyasətində İranla bağlı hər hansı geri addım atmasını tələb edən bir vəziyyət yaratmır.
Amma Tramp administrasiyası gələcəkdə razılaşma əldə etmək və dünyadakı digər problemlərinə diqqətini çevirmək üçün ola bilər ki, indi hansısa yumşalmaya getsin. O ki qaldı hazırkı vəziyyətdə İran və ABŞ arasında danışıq imkanlarına, bu iki tərəf arasında dialoq həmişə olub. İndi dialoq üçün qapılar bağlı olsa da, yəqin ki, qısa zamanda tərəflər təkrarən masa arxasında əyləşəcəklər. Dialoq imkanları həmişə açıqdır. Eyni zamanda ABŞ müharibə apardığı ölkələrlə də həmişə dialoq əlaqələrini qoruyub saxlayıb. İranla da bu keçərlidir. İndi İran öz şərtlərini diktə etmək və ya qəbul etdirmək məqsədilə dialoqdan uzaqlaşır. Amma yaxın zamanda yəqin ki, həm Tehran, həm Vaşinqtonun könüllü olacağı bir situasiyanın şahidi olacağıq və danışıqlar bəlkə baş tutacaq. Amma yekunda konkret nəticə əldə ediləcəyi şübhəlidir. Çünki hər iki tərəfin maksimal siyasəti var və heç kim güzəştlərə getmək istəmir, heç kim maraqlarına imtina etmək istəmir. Bu da danışıqların qapısının açılacağını, amma konkret nəticə əldə olunmayacağını göstərir".
Zeynəb Mustafazadə