Bakıdan Əbu-Dabiyə strateji körpü: Qafqaz və Yaxın Şərqin güvənli tərəfdaşlığı – ÖZƏL
14:59 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev "Gələcəyin Oyunları 2025" turnirinin açılışında iştirak etmək üçün BƏƏ-yə səfər edib. Səfər çərçivəsində dövlət başçısı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşərək iki ölkə arasındakı strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığı müzakirə edib.
Mövzu ilə bağlı araşdırmaçı-yazar Əkbər Qoşalı Olaylar.az-a danışıb.
Prezident İlham Əliyevin "Gələcəyin Oyunları" kimi qlobal platformada iştirakı Azərbaycanın beynəlxalq imicinə və yumşaq güc siyasətinə hansı töhfələri verir?
Bu iştirak Azərbaycanı idman ölkəsi olmaqla yanaşı, innovasiya, rəqəmsal transformasiya və gənclik yönümlü gələcək hədəfləri, aydın baxışı olan dövlət kimi təqdim edir.
Azərbaycan zatən qabaqcıl idman ölkəsi olaraq tanınıb və bu tanınma əsasən, İlham Əliyevin MOK prezidenti seçildikdən sonra əldə edilən yüksək nəticələrlə, davamlılıqla sabitlənib.
"Gələcəyin Oyunları", necə deyərlər, fiziki və rəqəmsal mədəniyyətin sintezidir; Azərbaycanın burada təmsil olunması isə ölkəmizin texnologiya, yaradıcı iqtisadiyyat və yeni nəsil beynəlxalq platformlarla dialoqa açıq olduğunu göstərir. Bu, yumşaq güc baxımından Azərbaycanın çağdaş, çevik və qabaqcıl dünyaya inteqrasiya edən imicini gücləndirir.
Azərbaycan-BƏƏ liderlərinin bu səfər çərçivəsindəki görüşü regional əməkdaşlıq və geosiyasi balans baxımından necə qiymətləndirilə bilər?
Bu görüş Qafqaz-Yaxın Şərq xəttində güvənli tərəfdaşlıq modelinin dərinləşməsi deməkdir. Azərbaycan və BƏƏ bölgəsəl sabitlik, enerji təhlükəsizliyi, logistik, yaşıl enerji və humanitar işbirliyi kimi sahələrdə bir-birini tamamlayan geosiyasi aktorlardır. Liderlərin təması göstərir ki, münasibətlər artıq ikitərəfli çərçivəni aşaraq, bölgəsəl dəngəni möhkəmləndirən strateji işbirliyi mərhələsinə yüksəlib. Bu da Azərbaycanın çoxtərəfli, dəngəli, praqmatik, uhulət və suhulətli xarici siyasət kursunun növbəti təsdiqidir.
Dövlətimiz zaval görməsin!
Lamiyə Cəbrayılova