Hüququn aliliyini təmin edən dövlət - ÖZƏL
14:43 Siyasət"İnsan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaşların layiqli həyat səviyyəsinin qorunması və cəmiyyətin sağlam inkişafının dəstəklənməsi müasir Azərbaycan dövlətinin əsas prioritetləri sırasındadır. Müstəqilliyin bərpasından sonra ölkəmizin qarşısında dayanan ən mühüm vəzifələrdən biri demokratik dəyərlərə söykənən, hüququn aliliyini təmin edən dövlət idarəçiliyi modelinin formalaşdırılması olmuşdur". "Olaylar" xəbər verir ki, bunu "Əməkdar müəllim", YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev deyib: "Bu istiqamətdə atılan ardıcıl və məqsədyönlü addımlar Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirmiş, insan hüquqlarının qorunması sahəsində əldə olunan nailiyyətlər dünya miqyasında yüksək qiymətləndirilmişdir. Dövlət siyasətinin mərkəzində insan amilinin dayanması, vətəndaşların hüquq və azadlıqlarının etibarlı mexanizmlərlə qorunması milli inkişaf strategiyasının əsas sütunlarından birini təşkil edir.
Bu siyasi kursun ideoloji və praktik təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun bünövrəsini formalaşdırmaqla yanaşı, insan hüquq və azadlıqlarının təminatını ali dəyər kimi təsbit etmişdir. Ümummilli Lider Heydər Əliyevin siyasi irsində humanizm, mərhəmət və insanpərvərlik anlayışları yalnız mənəvi prinsiplər deyil, eyni zamanda dövlət idarəçiliyində real mexanizmlər kimi öz əksini tapmışdır. Cinayət-hüquq siyasətində islah, yenidən cəmiyyətə inteqrasiya və sosial ədalət anlayışlarının ön plana çəkilməsi məhz bu baxışların nəticəsi olmuşdur. Amnistiya və əfv institutlarının tətbiqi də bu humanist yanaşmanın bariz nümunəsi kimi dəyərləndirilir.
Bu gün Ümummilli Liderin müəyyənləşdirdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının siyasətində sosial rifahın yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və hüquqi islahatların dərinləşdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən amnistiya və əfv qərarları cəmiyyətin humanist dəyərlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, cəzalandırmadan daha çox islah və yenidənqurma prinsipinə üstünlük verildiyini göstərir. Bu qərarlar minlərlə insan üçün yeni həyat mərhələsinin başlanğıcı olmaqla, onların cəmiyyətə faydalı üzv kimi qayıtmalarına geniş imkanlar yaradır.
Qeyd etmək lazımdır ki, Azərbaycan bu gün yalnız regional deyil, qlobal miqyasda da tolerantlıq, multikulturalizm və sosial həmrəylik modeli kimi tanınır. Dövlətin həyata keçirdiyi siyasət dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər münasibəti təmin edir. Davamlı islahatlar, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və insan amilinə əsaslanan idarəçilik modeli ölkəmizin dayanıqlı inkişafının əsas təminatıdır. Müasir Azərbaycan dövləti bir daha sübut edir ki, güclü dövlət anlayışı yalnız iqtisadi və hərbi potensialla deyil, eyni zamanda insanına verdiyi dəyər, göstərdiyi qayğı və yaratdığı ədalətli cəmiyyətlə ölçülür".
Alim