Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir

Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir.

Olaylar.az xəbər verir ki, forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası nümayəndə heyətləri iştirak edirlər.

Forumun əsas məqsədi türk dövlətləri arasında dayanıqlı və effektiv kommunikasiya mühitinin formalaşdırılması, həmçinin dezinformasiya təhdidlərinə qarşı mübarizə sahəsində institusional qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.

Tədbirdə dövlət orqanlarının, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri və sahə üzrə ekspertlər iştirak edir. Azərbaycan tərəfini Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və Kommunikasiya şöbəsinin Kommunikasiya Siyasəti sektorunun müdiri Cavid Musayev, həmin şöbənin Kütləvi İnformasiya vasitələri ilə əlaqələr sektorunun müdiri Kamran Qasımov, həmin şöbənin KİV ilə əlaqələr sektorunun baş məsləhətçisi Pərvanə İbrahimova, Media İnkişafı Agentliyinin icraçı direktor müavini Natiq Məmmədli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Cavid Vəliyev, eləcə də APA İnformasiya Agentliyinin Beynəlxalq Əlaqələr və Analitika Departamentinin rəhbəri Faiq Məmmədov təmsil edirlər.

Forum çərçivəsində dezinformasiyanın milli təhlükəsizliyə, ictimai rəylərə və regional sabitliyə təsiri, eləcə də müasir informasiya mühitində birgə fəaliyyətin praktik mexanizmləri müzakirə olunacaq. 2025-ci il üçün Türk Dövlətləri Təşkilatının informasiya sahəsində Fəaliyyət Planına uyğun olaraq forum media savadlılığı , informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal texnologiyalardan məsuliyyətli istifadə, beynəlxalq yayım və yeni nəsil jurnalistikası sahəsində bilik və təcrübə mübadiləsi platformasına çevriləcək.

Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31