İranın TRIPP reaksiyası: Mühafizəkar narahatlıq, yoxsa regionda nüfuz qorxusu?- ÖZƏL 

İran ilk dəfə TRIPP ("Tramp marşrutu") layihəsini açıq şəkildə milli təhlükəsizliyinə təhdid adlandıraraq ona qarşı çıxıb. Xamneyinin müşaviri Əli Əkbər Vilayəti bu layihəni Zəngəzur dəhlizi ilə eyniləşdirir və ABŞ/NATO-nun regiona nüfuz cəhdi kimi qiymətləndirir. Eyni mövqeni Təhlükəsizlik Şurasının katibi Əli Laricani də bölüşür. Halbuki İran XİN və Pezeşkian hökuməti Bakı ilə münasibətlərdə daha neytral və müsbət xətt yürüdür. Ermənistan isə TRIPP-in tam suverenlik çərçivəsində iqtisadi layihə olduğunu bildirərək İranın "qırmızı xətləri"nin nəzərə alındığını vurğulayır. Beləliklə, Tehran daxilində mövqelər kəskin şəkildə parçalanır.

İranın mühafizəkar qanadının TRIPP layihəsinə bu qədər sərt reaksiyası real təhlükəsizlik narahatlığıdır, yoxsa regionda dəyişən geosiyasi balanslara nəzarəti itirmə qorxusu? Politoloq İlyas Hüseynov Olaylar.az-a bildirib ki,  İran tərəfinin yenidən Zəngəzur dəhlizinə qarşı çıxması tamamilə qəbul olunmazdır, xüsusilə 8 avqustda Vaşinqtonda əldə olunan razılaşmalara qarşı bir neçə ay sonra İranın bu cür mövqe nümayiş etdirməsi başadüşülən deyil:"Xüsusilə burada İran daxilində müxtəlif qruplar arasında ciddiyyətlərin olduğunu görürük. Çünki İranın Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi regional balans, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri kontekstində bütün məsələləri nəzərdən keçirir. Təəssüf ki, İranın mühafizəkar dəstələri, xüsusilə Dini Ofis və Təhlükəsizlik Şurası tamamilə başqa mövqe ortaya qoyur. Bu, İran daxilində çox ziddiyyətli, kəskin və müxtəlif fikirlərə yol açan münasibətlər sisteminin olduğuna dəlalət edir. Düşünürəm ki, Ermənistanın özü kommunikasiya xətləri üzərində suverenlik və suverenliyin pozulmaması kontekstində Zəngəzur dəhlizini nəzərdən keçirdiyi halda, İranın bu yanaşması həm Ermənistanın, həm də ümumiyyətlə Cənubi Qafqazda gedən proseslərə müdaxilə kimi qiymətləndirilə bilər. Mən əvvəllər də çıxışlarımda söyləmişdim ki, İranın kommunikasiya xətlərinin açılmasına qarşı çıxması gələcəkdə İran-Ermənistan problemlərinə yol açacaq. Çünki İran Ermənistanı müdafiə etmir. Əksinə, Ermənistanın daxili işlərinə müdaxilə edərək öz milli maraqlarını güdür və bir sıra hallarda bu milli maraqlar kimi təqdim olunan məsələlər əməkdaşlığa, sülhə və təhlükəsizliyə qarşı yönəlmişdir.
Düşünürəm ki, bütün hallarda olduğu kimi, hazırda İranla danışıqlar aparmaq, məsələnin mahiyyətini izah etmək, heç bir halda bu dəhlizin konfrontasiyalara, ciddiyyətlərə, siyasi böhranlara və ya kataklizmlərə yol açmadığını, əksinə, sülhü, təhlükəsizliyi və sabitliyi mühkəmləndirmə layihəsi kimi nəzərdən keçirilməsini izah etmək və davamlı danışıqlar müstəvisində olmaq önəmlidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31