Moskvanın "Rus Evi" inadı: Humanitar diplomatiya, yoxsa ideoloji təsir?- ÖZƏL

Rusiya Bakıda Rus Evinin fəaliyyətinin bərpası məsələsini yenidən gündəmə gətirib. Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin bildirib ki, Moskva bu istiqamətdə "qarşılıqlı məqbul həllər" tapmağa sadiqdir. O, Rus Evinin Azərbaycan-Rusiya münasibətlərinin humanitar gündəliyində mühüm rol oynadığını vurğulayıb.
Bununla belə, Moskva Azərbaycanın bu məsələdəki mövqeyini  bilməsinə baxmayaraq, mövzunu gündəmdə saxlamaqda davam edir.

Maraqlıdır, Rusiya Bakının mövqeyini bildiyi halda Rus Evi məsələsini davamlı olaraq gündəmdə saxlamaqla hansı siyasi və ya geosiyasi məqsədləri güdür?
Bu addımı Moskvanın Cənubi Qafqazda humanitar alətlər vasitəsilə təsir imkanlarını qoruma cəhdi kimi qiymətləndirmək olarmı?

"Rus Evi və digər vasitələr vasitəsilə Rusiya hakimiyyəti faktiki olaraq öz ideoloji siyasətini həyata keçirirdi. Azərbaycan hökuməti isə vaxtilə bunun qarşısını aldı və Azərbaycanda fəaliyyət göstərən Rus Evini bağladı. Bu tip təşkilatların və qurumların heç də xoş niyyət ifadə etmədiyi bizə çox yaxşı məlumdur. Nəticə etibarilə, Rus Evinin bağlanması birbaşa Azərbaycan dövlətinin maraqlarına uyğundur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bu məsələ Rusiya-Azərbaycan münasibətlərinə hansısa formada mənfi təsir göstərəcək bir amil deyil. Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərən əsas məqam ondan ibarətdir ki, iki ölkə arasında münasibətlər normallaşmasına baxmayaraq, Rusiya davamlı şəkildə özünün müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyatlar aparır və təzyiq vasitələrindən istifadə edir. Məhz bu cür addımlar Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərir.

"Rus Evinin bağlanmasının konkret səbəbləri var və həmin səbəblər Azərbaycan tərəfi tərəfindən açıq şəkildə bildirilib. Bu məsələdə Azərbaycan dövlətinin mövqeyi tam aydındır. Buna baxmayaraq, Rusiya hakimiyyətində müəyyən şəxslərin, o cümlədən Xarici İşlər Nazirliyinin diplomatiya direktoru Kaluginin bu şəkildə açıqlamalar verməsi xoş qarşılanmamalıdır," - deyə ekspert əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, Kalugin bundan əvvəl də dəfələrlə iki ölkə arasındakı münasibətlər və ümumilikdə Rusiyanın digər dövlətlərlə əlaqələri ilə bağlı mənasız açıqlamalarla çıxış edib. O, Xarici İşlər Nazirliyində Sergey Lavrovun xəttinə çox yaxın olan, faktiki olaraq Lavrovun kadrı sayılan diplomatlardan biridir. 

Ekspertin fikrincə, Azərbaycan-Rusiya münasibətlərinin normal şəkildə inkişafı üçün Kreml bu cür şəxslərə aydın şəkildə izah etməlidir ki, məsuliyyətsiz və əsassız açıqlamalarla çıxış etməsinlər. Çünki bu tip məsələlər Azərbaycan və Rusiya arasında artıq həll olunub. Eyni zamanda, Rusiya hakimiyyəti Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan diasporuna qarşı həyata keçirilən təzyiq kampaniyasından da əl çəkməlidir.
Zaman-zaman müxtəlif media qurumlarında Azərbaycan diasporunun nümayəndələrinə qarşı təzyiqlər barədə məlumatlar yayılır. Bu cür addımlar Rusiya-Azərbaycan münasibətlərinə ciddi şəkildə mənfi təsir göstərə bilər. Rus Evi kimi, Kremlin ideoloji siyasətini müdafiə edən və mahiyyət etibarilə mənasız olan bir qurumun bağlanması isə tamamilə haqlı addımdır. Bu qurumun Azərbaycanda heç bir fəaliyyəti və işi ola bilməz və onun bağlanması tam əsaslıdır.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31