Güclü dövlət həm də hüquqi mərhəmət prinsipləri ilə formalaşır- ÖZƏL
13:50 Siyasət"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı təşəbbüsü ölkənin hüquqi dövlət quruculuğunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu mühüm ictimai-siyasi konsepsiya çərçivəsində amnistiya aktının elan edilməsi təşəbbüsü Konstitusiyanın ali hüquqi qüvvəsinin, dövlət suverenliyinin və humanizm prinsiplərinin praktik təzahürüdür". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov deyib: "Azərbaycan Respublikası Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin əsas vəzifələrindən biri kimi müəyyən edir. Amnistiya institutu isə hüquq sistemində cəza siyasətinin yalnız məhdudlaşdırıcı deyil, eyni zamanda islah yönümlü olduğunu nümayiş etdirən mühüm mexanizmdir. Bu baxımdan "Konstitusiya və Suverenlik İli"ndə belə bir təşəbbüsün irəli sürülməsi dərin hüquqi və siyasi məntiqə əsaslanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən genişmiqyaslı hüquq islahatları cəza siyasətinin humanist əsaslar üzərində formalaşdırılmasını prioritet istiqamət kimi müəyyən edib. Amnistiya təşəbbüsü bu siyasətin ardıcıl davamı olmaqla yanaşı, cəmiyyətin sosial rifahına və ictimai etimada müsbət təsir göstərən amillərdən biridir. Bu cür qərarlar hüquqi məsuliyyətlə sosial ədalət arasında tarazlığın qorunmasına xidmət edir.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının dövlət suverenliyinin tam təmin edildiyi və konstitusion quruluşun möhkəmləndirildiyi bir mərhələdə amnistiya təşəbbüsü siyasi sabitliyin və hüquqi özünəinamın göstəricisidir. Güclü dövlət modeli yalnız sərt hüquqi mexanizmlərlə deyil, eyni zamanda sosial məsuliyyət və hüquqi mərhəmət prinsipləri ilə formalaşır.
Amnistiya aktının tətbiqi eyni zamanda cəmiyyətə reinteqrasiya prosesinin stimullaşdırılmasına, təkrar cinayətkarlığın azaldılmasına və ailə institutunun qorunmasına töhfə verir. Bu yanaşma beynəlxalq hüquq normalarına və müasir cəza siyasətinin əsas prinsiplərinə tam uyğundur.
Nəticə etibarilə, "Konstitusiya və Suverenlik İli" çərçivəsində amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan Respublikasının hüquqi dövlət modelinin möhkəmləndirilməsinə, konstitusion dəyərlərin praktik tətbiqinə və dövlət-vətəndaş münasibətlərində etimadın artırılmasına yönəlmiş mühüm siyasi-hüquqi addımdır. Bu təşəbbüs müasir Azərbaycan dövlətçiliyinin strateji inkişaf xəttinin məntiqi davamı kimi dəyərləndirilməlidir".
Alim