Azərbaycan və Qətərin əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük potensialı var - Kəmaləddin Heydərov

Azərbaycan və Qətər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm imkanlar mövcuddur.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Bakıda Qətərin Milli Günü münasibətilə təşkil olunan rəsmi qəbul zamanı bildirib.

Nazir bildirib ki, xüsusilə nəqliyyat və logistika sahələrində birgə səylərin fəallaşdırılması, Azərbaycanın tranzit potensialından istifadənin genişləndirilməsi, həmçinin maliyyə, təhsil, mədəniyyət və turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir və strateji tərəfdaşlığa yeni təkan vermiş olacaq.

K.Heydərov qeyd edib ki, yüksək səviyyəli müntəzəm təmaslar və institusional səviyyədə aparılan siyasi məsləhətləşmələr tərəfdaşlığın möhkəmlənməsində, eləcə də ölkələr arasında əməkdaşlığın sabit və çoxşaxəli şəkildə inkişafında mühüm rol oynayıb.

Nazirin sözlərinə görə, son illərdə Qətər ardıcıl və transformativ inkişaf yolu seçərək regionun ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib.

"Qətər Milli Strategiyası 2030"un həyata keçirilməsi iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun modernləşdirilməsi, eləcə də təhsil, turizm və innovasiyalar kimi sahələrin inkişafı üçün yeni imkanlar açıb. Bu gün Qətər qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, humanitar əməkdaşlığın təşviqində və dövlətlərarası dialoqun inkişafında beynəlxalq proseslərin fəal iştirakçısı kimi mühüm rol oynayır", - deyə nazir vurğulayıb.

Nazir vurğulayıb ki, Qətərin sabit və dinamik inkişafı Azərbaycanla ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və əməkdaşlıq üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi baxımından möhkəm zəmin yaradıb.

"Bu kontekstdə Azərbaycan Respublikası hökuməti ilə Qətər Dövləti hökuməti arasında fəaliyyət göstərən birgə iqtisadi, ticarət və texniki komissiya iqtisadi əməkdaşlığın inkişafı üçün əsas institusional mexanizm rolunu oynayır", - deyə o qeyd edib.

Nazir bildirib ki, bu ilin noyabr ayında keçirilmiş Komissiyanın dördüncü iclası ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından mühüm mərhələ olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31